UNEC-in Biznes və menecment fakültəsinin dekanı dosent Mirağa Əhmədov, UNEC Biznes Mərkəzinin rəhbəri Mübariz Şahbazlı Polşanın sahibkar universitetlərindən biri olan sahibkarlıq və innovasiya mövzusunda keçirilən təlimlərdə iştirak ediblər.
Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Erasmus+ layihəsi çərçivəsində “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda növbəti təlimlərin başlıca məqsədi innovasiyaların idarə edilməsi, sahibkarlıq fəaliyyətləri və institusional dəstək mexanizmləri üzrə Polşanın ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihədə konsorsium üzvü olan Azərbaycan universitetlərinin rektorları, prorektorlar, inzibati və akademik heyətdən ibarət 11 nəfərlik nümayəndə heyəti işgüzar səfərdə iştirak ediblər.
Qeyd edək ki, 36 ay müddətində reallaşdırılması nəzərdə tutulan ENGAGE layihəsinin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsidir.