UNEC-in Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələri, Rəqəmsal İqtisadiyyat tədqiqat mərkəzi və Dizayn məktəbinin professor-müəllim heyətinin iştirakı ilə “Yeni dövr üçün yeni ideyalarla” silsilə tədbirlər çərçivəsində “Müasir dünyada yeni çağırışlar: sənayeləşmə, rəqəmsallaşma və yaşıl texnologiyalar” mövzusunda müzakirə keçirilib.
Elmi müzakirəni giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov bu çərçivədə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, milli ideya uzunmüddətli perspektivdə “Ölkəmizin dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olması” kimi formalaşdırıla bilər. Bu məqsədə çatmaq üçün daxili bazarın ehtiyaclarının ödənilməsi məqsədilə idxal olunan məhsulların yerli məhsullarla tədricən əvəz olunması, respublikamızın xammal ixrac edən ölkədən hazır məhsul, növbəti mərhələlərdə isə texnologiyaları ixrac edən ölkəyə çevrilməsinə nail olunmalıdır. Burada təhsil-elm-innovasiya-sənaye dördbucağının işlək koordinasiya mexanizmi qurulmalıdır. Bunun üçün təhsil proqramlarının günün tələblərinə uyğun müasirləşdirilməsi və inkluzivliyi, startapların maliyyələşdirmə imkanlarının genişləndirilməsi, elmi tədqiqatların stimullaşdırılması, rəqəmsallaşma və süni intellektin imkanlarından istifadə etməklə və yaşıl texnologiyalara üstünlük verməklə innovasiyaların sənayedə tətbiqi prosesinin sürətləndirilməsi, işğaldan azad olunmuş torpaqlara “Böyük qayıdış” strategiyası çərçivəsində onların kənd təsərrüfatı və sənaye potensialının səmərəli şəkildə reallaşdırılması, zamanın tələb etdiyi insan kapitalının formalaşdırılması məqsədilə müvafiq sahələr üzrə dünya təcrübəsinin öyrənilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi potensiallı kadrların mövcud imkanlardan yararlanmasının əlçatanlığı və s. bu kimi məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Başqa bir istiqamət əhalinin rifah səviyyəsinin tədricən ölkənin inkişaf səviyyəsinə uyğunlaşdırılması və son olaraq ölkənin mümkün xarici təsirlərdən qorunması məqsədilə ordu quruculuğu işinin daim təkmilləşdirilməsi, o cümlədən ordu təchizatının müasirləşdirilməsi, hərbi təlimlərin keçirilməsi, müvafiq hərbi kadrların yetişdirilməsi və s. istiqamətləri xüsusi olaraq vurğulamışdır.
Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov işğaldan azad olunmuş torpaqlarda mövcud olan su ehtiyatlarının səmərəli istifadə edilməsinin ölkədə su probleminin həll olunmasına böyük töhfə verəcəyi məsələsinə toxunub. E.Cəfərov daxili istehsalın artırılmasının, Bakıdakı urbanizasiyanı nəzərə alaraq, şəhərdən kəndlərə axınların təşkilinin önəmindən də danışıb.
Sonra “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri professor Rövnəq Rzayev alternativ və bərpa olunan enerji mənbələrinin konkret istifadəsi ilə bağlı çıxış edərək, təkliflərini irəli sürüb.
Dizayn məktəbinin direktoru Lalə Məmmədova və “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Azər Məmmədov tullantıların çeşidlənməsi və utilizasiyası ilə bağlı beynəlxalq təcrübəni bölüşərək, bu istiqamətdə təkliflərini səsləndiriblər.
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının professoru Zabit Aslanov ölkədə maşınqayırma sənayesinin bərpa edilməsi, işğaldan azad olunmuş torpaqlarda yeni istehsal sahələrinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
SABAH mərkəzinin direktoru dosent Aida Quliyeva istənilən islahatların aparılması üçün təhsilin səviyyəsinin yüksəldilməsinin əhəmiyyətini vurğulayaraq, təhsilin təkmilləşdirilməsindən danışıb.
“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru Rəsul Balayev Azərbaycanda enerji təhlili aparılmasını təklif edib. O, şəhərə axının dayandırılması istiqamətində iqtisadi mexanizmləri düşünmək lazım olduğunu dilə gətirərək, rəqəmsallaşmanın geniş vüsət almasının informasiya təhlükəsizliyi məsələsini də olduqca aktuallaşdırdıyını önə çəkib.
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi Afət Cəfərova istehsal prosesinin yerli xammal əsasında təşkil olunmasının üstünlüyündən söz açıb. “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Yusif Fərzəliyev SCADA sisteminin enerji sistemində və elektrik şəbəkələrində də tətbiq olunduğunu, bu sahədə mütəxəssis çatışmalığını, zərərli proqramlara qarşı ödənişsız Avast proqramından istifadəni təklif edib.
Kafedranın dosenti Hilalə Cəfərova isə SCADA sistemində kompüter bazası əsasında qurulan və proqramlaşdırılan avtomatik uzaqdan idarəetmə imkanları olduğu üçün multidistiplinar ixtisasların yaradılması və ya kəsişən sahələr üzrə mütəxəssislərin hazırlanmasının vacibliyindən danışıb.
Səsləndirilən təkliflər diskussiya formatında müzakirə olunub.