A

COP29 (Conference of the Parties; Tərəflərin Konfransı) ili çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə əməkdaşlığı ilə UNEC-in Heydər Əliyev Mərkəzində Maliyyə və mühasibat fakültəsinin tələbələrinin iştirakı ilə “İqlim dəyişikliyi ilə mübarizənin həlli yolları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin moderatoru ARTİ-nin Təşkilati şöbəsinin müdiri dosent Aynur Paşayeva bu ilin respublikamızda Prezident cənab İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar keçirilən əhəmiyyətli tədbirlər, o cümlədən də COP29 haqqında məruzə ilə tədbiri açıq elan edib. Vurğulayıb ki, iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və bu strategiyanın koordinasiyasında milli, beynəlxalq, regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi davamlılığının təminatına yönəlmişdir. 

ARTİ-nin Təhsil nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətindən danışaraq qeyd edib ki, son 20 ildə Prezident cənab İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır. 

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, məruzəçilər UNEC-in dosentləri İlqar Xəlilov və Afaq Hacıyeva iqlim dəyişikliyinin yaranma səbəbləri və hazırda mövcud olan qlobal ekoloji problemlərin bu proseslə əlaqəsindən danışıblar. Dosent Afaq Hacıyeva iqlim dəyişikliyinin Azərbaycana təsirlərindən, hazırda respublikamızın mövcud qlobal problemlərlə bağlı üzərinə götürdüyü öhdəliklərdən və COP29-un respublikamız üçün əhəmiyyətindən bəhs edib. Dosent İlqar Xəlilov iqlim dəyişikliyi ilə mübarizənin vacibliyi və ekoloji problemin həlli yolları haqqında tələbələrə ətraflı məlumat verib.

Tədbir boyu tələbələrlə aktiv diskussiya aparılaraq, onların da bu məsələlərə yanaşması ilə bağlı fikirləri dinlənilib. 

TOP XƏBƏRLƏR