UNEC Dizayn məktəbi və Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin birgə təşkilatçılığı ilə “Azərbaycanın COP 29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri UNEC Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin beynəlxalq əhəmiyyətindən danışıb.
Sonra Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, əməkdar müəllim, professor Zahid Məmmədov “Moda industriyasının qarşısında duran aktual problemlər: iqlim dəyişikliyi ilə bağlı dəb aləmində baş verən yeniliklər” mövzusunda geniş məruzə ilə çıxış edib. Professor çıxışında iqlim dəyişiklikləri və qlobal ekoloji problemləri nəzərə alaraq, yeni dəb tendensiyalarında eko-materiallardan istifadənin, eləcə də ekoloji baxımdan moda aləmində səmərəli yanaşmanın müasir dövr üçün aktuallığından bəhs edib. Bildirib ki, moda industriyası mədəni sfera ilə yanaşı, dünya iqtisadiyyatının, həm də bir çox milli iqtisadiyyatların daimi artım mənbəyinə çevrilib.
“Azərbaycan dili” kafedrasının dosenti Çinarə Qəhrəmanova isə “Müasir iqlim dəyişiklərinə məruz qalmış cəmiyyətdə geyim mədəniyyəti” mövzusunda çıxış edərək, müasir dövr gənclərinin geyimindən, onların dəbə münasibətindən, kommunukasiya prosesində geyimlərin rolundan, mental keyfiyyətləri ilə seçilən türk dünyasının geyim tərzindən və eyni zamanda günümüzdə aktual olan eko-materiallardan hazırlanmış geyimlərdən və onların cəmiyət və təbiətə faydasından söhbət açıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.