A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru tar.ü.f.d. Adilə Abdullayeva Rusiyada “Knijnaya Sibir” beynəlxalq kitab festivalında iştirak edir.

Rusiya Elmlər Akademiyasının Sibir filialı 13-15 sentyabr tarixlərində Novosibirsk şəhərində Beynəlxalq kitab festivalını (https://www.bibliosib.ru/) təşkil edir. UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru beynəlxalq festivala qonaq çıxışçı qismində dəvət alıb. 3 gün davam edən festival çərçivəsində “Mütaliə edən region: müasirlərin həyatında kitab” adlı VII Regional Kitab Forumu, “Müxtəlif ölkələrin və regionların xalqlarının mədəni irsinin qorunması və təbliği sahəsində kitabxanalararası əməkdaşlıq” beynəlxalq dəyirmi masa, yazarlarla görüşlər, ustad dərsləri, “İlin kitabı” müsabiqəsi, “Kitab oxumağı peşəyə çevirmək və pul qazanmağa necə başlamalı” adlı yaradıcı görüşlər, “bestselleri necə yazmaq olar”, “rəqəmsal kitab-gələcək yetişdi” açıq müzakirələr, kitab satış-yarmarkası və bir sıra digər tədbirlər təşkil edilib. 

“Mütaliə edən region: müasirlərin həyatında kitab” adlı VII Regional Kitab Forumunda A.Abdullayeva “Azərbaycanda kitab çapı və mütaliə mədəniyyəti” mövzusunda çıxış edib. Çıxış zamanı o, Azərbaycanda kitab və mütaliə mədəniyyətinin keçdiyi tarixi yola nəzər salaraq UNEC elmi pedaqoji heyətinin müxtəlif istiqamətlərdə çap etdirdiyi elmi nəşrlərdən, beynəlxalq dərslik və monoqrafiyaların Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsindən bəhs edib. Eyni zamanda forum iştirakçılarına UNEC-də “Oxu mədəniyyəti” çərçivəsində keçirilən tədbirlər və onların əhəmiyyətindən bəhs edib. Sözü gedən kitab forumunda Novosibirsk vilayətinin təhsil naziri Mariya Jafyarova, Novosibirsk vilayətinin mədəniyyət nazirinin müavini Vladimir Deev, Rusiyanın görkəmli teatr və kino aktrisası, teatr pedaqoqu Yana Poplavskaya, Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktorunun müavini Migel Palasio və başqaları çıxış edirdi.

Bundan əlavə beynəlxalq kitab festivalı çərçivəsində “İlin kitabı. Sibir-Avrasiya” kitab müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində fəxri qonaq qismində çıxış edib.

Qeyd edək ki, “Knijnaya Sibir” beynəlxalq kitab festivalı sentyabr ayının 16- na kimi davam edəcək.

TOP XƏBƏRLƏR