2024-cü ilin noyabr ayının 11-dən 22-dək Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin və İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) birgə təşkilatçılığı ilə “COP29 – İqlim dəyişikliyinə qarşı tədbirlərin maliyyələşdirilməsi” mövzusunda elmi seminar keçirilib.
Tədbiri giriş sözü ilə İAETİ-nun direktoru professor Yadulla Həsənli açaraq, COP29-un müxtəlif aspektləri və qlobal iqlim gündəliyi barədə qısa məlumat verib.
Sonra institutun “Bilik iqtisadiyyatı” şöbəsinin elmi işçisi Nazim Məmmədov “COP29 – İqlim dəyişikliyinə qarşı tədbirlərin maliyyələşdirilməsi” mövzusunda geniş təqdimatla çıxış edərək COP29-da əsas müzakirə mövzularından birinin iqlim maliyyəsi olacağını bildirib, iqlim maliyyəsinin ədalətli şəkildə bölüşdürülməsi, maliyyə resurslarının inkişaf etməkdə olan ölkələrə yönləndirilməsi və qlobal səviyyədə iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi istiqamətində mühüm qərarlar qəbul ediləcəyini qeyd edib.
Təqdimatdan sonra mövzu ətrafında suallar cavablandırılıb.
İAETİ-nun “Qeyri-neft sektorunun inkişafı” şöbəsinin böyük elmi işçisi dosent Elman İbişov COP29 tədbirinin Azərbaycanda keçirilməsinin və onun ölkəmizə verə biləcəyi töhfələr barədə söz açıb.
Tədbirin sonunda Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev iştirakçılara təşəkkürünü bildirib və İAETİ ilə birgə elmi tədbirlərin keçirilməsinin davamlı olacağını qeyd edib.