16-17 dekabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə İqtisadiyyat və Sosial Elmlər sahəsində Tədqiqatçıların I Beynəlxalq konfransının keçirilməsi nəzərdə tutulub.
Konfransa hazırlıq işlərinin müzakirəsi məqsədilə UNEC-də hesabat iclası keçirilib. İclasda fakültə rəhbərliyi və əməkdaşları ilə yanaşı, konfransın elm komitəsinin üzvü Mərakeş Cadi Ayyad Universitetinin tədqiqatçısı Dr.Vafa Misrar da iştirak edib.
Fakültə dekanı i.ü.f.d., dos.Elçin Eyvazov mərakeşli alimi konfransla bağlı görülən işlərlə tanış edib. Görüşdə birgə tədqiqatların aparılması istiqamətində mümkün əməkdaşlıq imkanları da müzakirə olunub.
Müzakirələrdən sonra Dr.Vafa Misrar UNEC-dəki rəqəmsal tədris prosesi ilə tanış olub.
Qeyd edək ki, COP29 tədbirləri çərçivəsində Azərbaycanda olan xanım tədqiqatçı Vafa Misrar iqlim dəyişikliyi, ətraf mühitin qorunması, yaşıl iqtisadiyyat və gələcək nəsillərin dayanıqlı inkişafı naminə bir çox elmi tədqiqat əsərlərinin müəllifi olmaqla yanaşı, iqlim dəyişiklikləri üzrə milli və qitə üzrə təşkilatlarda müvafiq istiqamətlərə rəhbərlik edib.