A

UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, gənc siyasi alim Nərgiz Hacıyeva ABŞ-ın Miçiqan Universitetinin “Weiser” Post-Doktoral (WPD) təqaüd proqramını uğurla tamamlayaraq, "Weiser Alimi" adına layiq görülüb.

Nərgiz Hacıyeva Miçiqan Universitetində tədqiqat üçün seçilmiş ilk azərbaycanlı gənc alimdir. 3 ay davam edən bu tədqiqat proqramı çərçivəsində o, Qarabağ nümunəsində post-konflikt ərazilərdə elm və təhsilin rolunu araşdıran elmi layihə üzərində çalışıb. N.Hacıyeva bu layihəni Miçiqan Universitetinin tanınmış professoru Con Brançla birgə həyata keçirib.

Bununla yanaşı, Nərgiz Hacıyeva Miçiqan Universitetinin Qadın və Gender Araşdırmaları İnstitutunun tədqiqatçısı kimi seçilərək bu sahədə də diqqətəlayiq fəaliyyət göstərib. Qarabağa dair tədqiqatının nəticələri əsasında hazırlanan monoqrafiya üzərində redaksiya işlərini də uğurla başa çatdırıb.

Proqram dövründə Nərgiz Hacıyeva Miçiqan Universitetinin Siyasi Elmlər Məktəbində “Enerji Siyasəti” mövzusunda dərs deyərək, həm tədris, həm də tədqiqat fəaliyyətində yüksək peşəkarlıq nümayiş etdirmişdir. Bu uğur UNEC-in qlobal elm və təhsil məkanında daha da tanınmasına töhfə verməklə yanaşı, Nərgiz Hacıyevanın Azərbaycan elmini beynəlxalq səviyyədə layiqincə təmsil etdiyini bir daha sübut edir. 

UNEC əməkdaşı bu elmi uğuru münasibətilə təbrik edirik. Elmi və akademik fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.

TOP XƏBƏRLƏR