A

UNEC-in nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecinin əməkdaşları tərəfindən hazırlanmış və UNEC nəşriyyatında işıq üzü görmüş “İqtisadi və maliyyə savadlılığı” və "Yumşaq bacarıqlar"adlı dərs vəsaitlərinin təqdimatı keçirilib.

Tədbirdə kitab müəllifləri Könül Büyüker, Zərifə Orucova, Arifə Qasımova, Nurlana Salamova eləcə də, universitet və kollec əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən bir sıra orta ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak edib.

UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru, prof. Rövnəq Rzayev tədbiri giriş nitqi ilə açaraq, kollecin əməkdaşları tərəfindən ilk dərs vəsaitinin hazırlanmasını kollecdə elmi fəaliyyətin genişlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Prorektor qeyd edib ki, təqdim olunan dərs vəsaitləri tələbələrin ixtisas biliklərinin genişləndirilməsinə və peşə hazırlığının keyfiyyətinin artırılmasına xidmət etməklə bərabər, həm də elmin populyarlaşdırılmasına və UNEC-in 95 illik yubileyinə əhəmiyyətli töhfədir.

Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru və "Yumşaq bacarıqlar" dərs vəsaitinin müəlliflərindən biri dos. Davud Davudov reallaşdırılan təşəbbüsün ilk olduğunu diqqətə çatdıraraq layihənin kollec təhsilinin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi və tələbələrin peşəkar inkişafına yönəlmiş strategiyanın tərkib hissəsi olduğunu qeyd edib.

"Yumşaq bacarıqlar" kitabının digər müəllifi Arifə Qasımova bildirib ki, yumşaq bacarıqlar fənni kollecdə uzun müddətdir tədris olunsa da bu barədə kitab çap olunmamışdı. Kitabın içərisində tapşırıqlar, oyunlar həm də test nümünələri çox yığcam və sadə şəkildə verilib ki, bu da dərslərin keçirilməsinə asanlıq və maraq qatır. Nəşrin həmmüəllifi Nurlana Salmanova əlavə edib ki, kitabı yazmaqda əsas məqsəd bazar iqtisadiyyatına cavab verən kadrların və buna xidmət edəcək dərs vəsaitinin hazırlanmasıdır.

Tədbirdə "Yumşaq bacarıqlar" kitabının rəyçisi UNEC-in “Karyera planlaşdırılması və inkişafı kafedrası”nın müdiri, dos. Rəşad Məhərrəmov kitabın yazılmasında istifadə olunan metodoloji yanaşma, elmi və bədii keyfiyyətləri haqqında fikirlərini bölüşərək dərs vəsaitini orta ixtisas təhsili müəssisələrində müvafiq istiqamət üzrə təhsil alan tələbələr üçün əmək bazarının tələblərinə uyğun hazırlanmış ədəbiyyat kimi xarakterizə edib.

Sonra “İqtisadi və maliyyə savadlılığı” kitabının həmmüəllifləri Könül Büyüker və Zərifə Orucova və digər çıxış edənlər vəsaitin kollecin müəllim heyətinin elmi-metodik araşdırmaları və pedaqoji təcrübəsi əsasında hazırlandığını diqqətə çatdırıblar. Müəlliflər kitabda nəzəri biliklərlə yanaşı, tələbələrin biliklərinin real iş şəraitində tətbiqetmə imkanlarını təmin etmək üçün praktiki tapşırıqlar və nümunələrə də yer verildiyini bildiriblər.

Sonda nəşr məhsullarının müvafiq nüsxələri UNEC Kitabxana-İnformasiya Mərkəzinin fonduna hədiyyə edilib.

TOP XƏBƏRLƏR