Ümumi fənlərin tədrisinin təşkili departamentində Azərbaycan elminin parlaq simalarından olan, görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Milli qadin kimliyinin nümunə modeli” adlı elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə ÜFTTD-nin direktoru dos.Gülnarə Rzayeva açaraq, Zərifə Əliyevanın Azərbaycan elminə verdiyi misilsiz töhfələrdən, onun yalnız oftalmologiya sahəsində deyil, ümumilikdə elmi və mənəvi irsi ilə milli kimliyimizə verdiyi dəyərdən danışıb. O, Zərifə xanımın öz zəngin intellekti, vətənə və ailəyə sədaqəti ilə bugünkü gənclərə örnək bir şəxsiyyət olduğunu bildirib.
Seminarda iştirak edən “Azərbaycan dili” kafedrasının dosentləri Mətanət Əmrahova, Çinarə Qəhrəmanova, baş müəllim Samirə Əhmədova və “Humanitar fənlər” kafedrasının dosenti Validə Əliyeva Zərifə xanımın yalnız elm aləmində deyil, həm də qadın, ana və həyat yoldaşı kimi yüksək mənəvi keyfiyyətlərə sahib olan və milli kimliklə qadınlıq missiyasını öz varlığında vəhdət halında yaşadan nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.
Seminar iştirakçıları Zərifə xanımın xatirəsini ehtiramla yad edərək, onun irsini gələcək nəsillərə çatdırmağın vacibliyini qeyd ediblər.