2025-ci il 23-24 aprel tarixlərində Naxçıvan Dövlət Universitetində (NDU) “İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” mövzusunda II Respublika Elmi Konfransının açılış mərasimi keçirilib.
Konfransın əsas məqsədi təhsil və idarəetmə sistemlərində rəqəmsal texnologiyaların tətbiqi, bu sahədə mövcud problemlərin müzakirəsi və onların elmi əsaslarla həlli yollarının təqdim olunması olub.
Konfrans çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru, dosent Raqif Qasımov "Təhsildə İKT və rəqəmsallaşdırma: UNEC nümunəsi" mövzusunda geniş məzmunlu təqdimatla çıxış edərək, rəqəmsallaşmanın təhsil prosesinin bütün mərhələlərini əhatə etdiyini vurğulayıb, UNEC-in bu istiqamətdə əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib.
Filialın əməkdaşları – Elmi fəaliyyətin təşkili və idarəedilməsi üzrə mütəxəssis Ülkər İsfəndiyarova və Tələbə Elmi Cəmiyyətinin (TEC) sədr müavini Cavidan Həzizadə də elmi məqalələrlə çıxış edərək, mövzu üzrə aktual məsələləri və inkişaf perspektivlərini iştirakçıların diqqətinə çatdırıb.
Texniki və Texnoloji bölmənin rəhbəri, dosent Səfər Razıyev, həmin bölmənin baş müəllimi Xatın Hacıkərimova, eləcə də Elmi fəaliyyətin təşkili və idarəedilməsi üzrə mütəxəssis Xəzəngül Babayeva konfransda onlayn formatda məruzələrini təqdim ediblər.
Konfrans idarəetmə və təhsil sahəsində rəqəmsal texnologiyaların tətbiqinə dair elmi müzakirələrin aparılması və ideya mübadiləsinin təşkili baxımından mühüm əhəmiyyət kəsb edib.