Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzində “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin və UNEC Kitabxana-İnformasiya Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan və “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin müəllifi olduğu “Görkəmli Şuşa bəyləri - portretlər” layihəsinin elmi-tədqiqat nəticələrinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in tələbələrlə iş üzrə prorektoru dos. Səadət Qəndilova 95 illik yubileyinə hazırlaşan Azərbaycan Dövlət İqtisad Universitetinin əsas vəzifələrindən birinin də gənclərin şüurunda milli kimliyimizə, tarixi köklərimizə bağlılığı möhkəmləndirməkdən ibarət olduğunu qeyd edib. O, təqdim olunan tədqiqat işinin yalnız elmi əsər kimi qalmayacağından, eyni zamanda gənclərimiz üçün tariximizə, mədəniyyətimizə daha dərindən bələd olmaq baxımından qiymətli resurslardan birinə çevriləcəyindən əminliyini ifadə edib.
“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin (SUES) sədri, “Biznesin idarə edilməsi” kafedrasının müəllimi Yusif Musayev isə reallaşdırılılan layihənin tələbə gənclərin və tədqiqatçıların müvafiq istiqamətdə elmi araşdırmalara marağının artırılmasına xidmət etdiyini bildirib.
“Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin sədri, layihənin rəhbəri Eldar Məlik-Abbas elmi-tədqiqat işi barədə təqdimatla çıxış edərək, layihənin məqsədi və əldə olunan nəticələr haqqında məlumat verib.
Tədbir iştirakçıları layihə və tədqiqat nəticələri haqqında fikirləri ilə davam edib. Çıxış edənlər tarixi və mədəni irsin qorunması kimi aktual mövzuda reallaşdırılan layihələrin əhəmiyyətindən söz açıblar.