A

UNEC Kitabxana-İnformasiya Mərkəzinə cari ilin yanvar–mart ayları ərzində ümumilikdə 216 nüsxə müxtəlif növ nəşr daxil olub. Daxil olan materialların 199 nüsxəsini kitablar (Azərbaycan, türk, ingilis və rus dillərində), 2 nüsxəsini avtoreferatlar, 15 nüsxəsini isə jurnallar təşkil edir.

Yeni daxil olan kitablar müxtəlif dillərdə olmaqla geniş mövzu spektrini əhatə edir. Azərbaycan dilində nəşrlər əsasən informasiya texnologiyaları və proqramlaşdırma, qida təhlükəsizliyi, ekologiya və ətraf mühit, su ehtiyatları və coğrafiya, dizayn və incəsənət, eləcə də yerli tarix və mədəniyyət sahələrini əhatə edir. Türk dilində olan kitablar daha çox biznes və menecment, mühasibat və maliyyə, turizm və iqtisadiyyat, ekologiya və şəxsi inkişaf mövzularına həsr olunub.

İngilis dilində nəşrlər əsasən iqtisadiyyat, data science və texnologiya, biznes və startaplar, rəqəmsal iqtisadiyyat, dizayn və kreativ sahələr, həmçinin liderlik və şəxsi inkişaf istiqamətlərini əhatə edir. Rus dilində kitablar isə dizayn və incəsənət, moda və geyim, kompozisiya və rəng nəzəriyyəsi, maliyyə və investisiya, psixologiya və bədii ədəbiyyat sahələrini əhatə edir.

Qeyd edək ki, yeni daxil olan nəşrlər təhsilalanlar, elmi tədqiqatçılar, eləcə də iqtisadiyyat, maliyyə, vergi, sığorta, hüquq və beynəlxalq standartlar üzrə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitablarla daha yaxından tanış olmaq istəyənlər UNEC-in kitabxanalarına müraciət edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay