Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “British Council”un dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “4 Bacarıq – 4 Model: Süni intellekt ilə dil tədrisinin yeni arxitekturası” mövzusunda ənənəvi IV Beynəlxalq Forum keçirilib.
Tədbirin açılış mərasimində UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev və British Council-ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva çıxış edərək forumun əhəmiyyətini vurğulayıblar. Daha sonra keçirilən panel sessiyalarda yerli və beynəlxalq ekspertlər süni intellektin dil tədrisinə inteqrasiyası, müəllimlərin peşəkar inkişafı və gələcəyin kurikulum modelləri ilə bağlı fikirlərini bölüşüblər.
Forumda xarici dil tədrisində süni intellektin yaratdığı imkanlar, müasir yanaşmalar və beynəlxalq təcrübələr geniş müzakirə olunub.
Panel müzakirələrdə Akademik Savadlılıq və İngilis Dilində Ünsiyyət Bacarıqları Mərkəzində (CALECS) tətbiqi linqvistika və TESOL üzrə professor Daniel Xerri və digər çıxışçılar süni intellektin tədris prosesinə təsiri, dil kurikulumunun gələcəyi və texnologiyanın müəllim fəaliyyətində rolu barədə təqdimatlar ediblər.
Forumda qeyd olunub ki, UNEC artıq xarici dil tədrisində ənənəvi yanaşmadan uzaqlaşaraq 4 əsas bacarığı – oxu, dinləmə, yazı və danışığı – tədrisin mərkəzinə yerləşdirib. Bu yanaşma tələbələrin real kommunikativ bacarıqlarının inkişafına, onların əmək bazarına daha hazırlıqlı və rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə xidmət edir.
Həyata keçirilən islahatlar çərçivəsində universitetdə xarici dil tədrisi və qiymətləndirmə sistemi yenidən qurulub. Yeni modelə əsasən, tələbələr 4 semestr ərzində hər bir bacarıq üzrə sistemli şəkildə qiymətləndirilir və minimum B1 səviyyəsinə çatmaq əsas hədəf kimi müəyyən edilib.
Bildirilib ki, 2024-cü ildən etibarən UNEC-ə qəbul olunan tələbələrin bilik və bacarıqları II kursun sonunda beynəlxalq imtahanlar vasitəsilə qiymətləndiriləcək. Bu çərçivədə ingilis dili üzrə qiymətləndirmə British Council tərəfindən keçirilən Aptis imtahanı ilə, digər dillər üzrə isə müvafiq beynəlxalq sertifikasiya qurumları vasitəsilə həyata keçiriləcək.
Forumda, həmçinin, süni intellektin dil tədrisinə inteqrasiyası ilə bağlı yeni mərhələyə keçidin planlaşdırıldığı vurğulanıb. Qeyd edilib ki, bu yanaşma tələbələrə dərsdən kənarda öyrənmə imkanlarının genişləndirilməsi, fərdiləşdirilmiş tapşırıqların təqdim olunması və inkişafın real vaxt rejimində izlənilməsi kimi üstünlüklər yaradacaq. Eyni zamanda müəllimlər üçün daha effektiv idarəetmə və monitorinq alətlərinin tətbiqi, qiymətləndirmə prosesinin isə daha çevik, şəffaf və obyektiv təşkili nəzərdə tutulur.
Forum iştirakçıları süni intellektin dil tədrisində tətbiqinin öyrənmə prosesini fərdiləşdirdiyini, müəllimlərin iş yükünü optimallaşdırdığını və tələbələrin motivasiyasını artırdığını qeyd ediblər.
Forumun ikinci günündə British Council və UNEC təlimçiləri tərəfindən ümumilikdə 20 təlim sessiyası təşkil olunub. Təlimlərdə süni intellektin dil tədrisində praktiki tətbiqi, yazı və danışıq bacarıqlarının inkişafı, eləcə də innovativ rəqəmsal alətlərdən istifadə ilə bağlı nümunələr təqdim edilib.