Yanvarın 30-da UNEC-də “Təhsilin sosial – iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Tədbirdə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ictimai xadimlərlə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Çin, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Litvadan olan nümayəndə heyəti iştirak edib.
Öncə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Ziyarətçilər həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsini yad edərək, məzarı üstünə gül dəstələri düzüblər.
UNEC-in rektoru, professor Ədalət Muradov konfrans iştirakçılarını salamlayaraq, tədbirin keçirilməsi təşəbbüsünü dəstəklədiyinə görə Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
Rektor ölkə prezidenti İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin qarşıya qoyduğu əsas vəzifə və hədəflərə nail olunmasında, müasir tələblərə cavab verən kadr hazırlığının qaçılmaz olduğunu deyib. Mühüm sənədin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu bildirən rektor, bu vəzifələrin icrasında universitetlərin üzləşdiyi məqamlara diqqət çəkib: “Cəmiyyətdə ali təhsilə olan tələblə həmin tələbin ödənilməsində böyük uyğunsuzluq var. Cəmiyyət öz inkişafı ilə təhsil sistemini bir neçə il qabaqlayır. Digər məqam ondan ibarətdir ki, savadlılığın qlobal miqyasda artması dünyada bərabərsizliyin artması ilə müşayiət olunur”. Ə.Muradov bütün bunlara baxmayaraq, sosial-iqtisadi inkişafda təhsilin mühüm rola malik olduğunu qeyd edib.
Universitetlərin tədqiqat mərkəzinə çevrilməsini qaçılmaz hesab edən rektor bu istiqamətdə UNEC-də zəruru infrastrukturun yaradılması prosesinin sürətləndirildiyini bildirib: “UNEC-də Elmi Tədqiqat İnstitutunun işi yenidən qurulur, elmi tədqiqat laboratoriyaları yaradılır. Onlardan biri SOCAR-in sifarişi əsasında dünyada ilk dəfə olaraq, “Azəri Light” markalı neftin dünya bazarı qiymətini proqnozlaşdıran model qurub. Bütün bunlarla yanaşı, UNEC-də tətbiq edilən müəllimlərin reytinq sistemində elmi fəaliyyətə 40% çəkinin verilməsi, nüfuzlu jurnallarda çap olunan məqaləyə görə qonararın nəzərdə tutulması elmi tədqiqatların keyfiyyətini və kəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Qürurla qeyd edirəm ki, 2000-2016-cı illərdə UNEC tədqiqatçılarının “Thomson Reuters” agentliyinin “Web of Science” elmi bazasında yerləşən elmi nəşrlərdə UNEC əməkdaşlarının çap edilən elmi əsərlərinin 35%-i son üç ildə həyata keçirilib”.
Təhsil nazirinin müavini Ceyhun Bayramov son 25 ildə Azərbaycanın keçdiyi sürətli inkişaf yolundan danışıb: “Bu gün sosial-iqtisadi inkişafda təhsil mühüm rol oynayır. Qloballaşan dünyada inkişaf, qlobal səviyyədə rəqabətli olmaq deməkdir. Sosial inkişafa nail olmaq üçün rəqabətqabiliyyətli olmalıyıq. Qlobal səviyyədə uğurlu və rəqabətli olmadan, iqtisadiyyat güclü hesab oluna bilməz. Bilik iqtisadiyyatı insan faktorunu ön plana çəkir”.
Nazir müavini yüksək tələblərə cavab verən insan kapitalının yetişdirilməsində təhsillə elmin vəhdətinin müstəsna rolunu vurğulayıb. AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli istənilən cəmiyyətin taleyində təhsilin həlledici əhəmiyyətə malik olduğunu deyib: “Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” tezisi Azərbaycanın müstəqillik dövründə hədəflərini müəyyən etməklə yanaşı, qlobal çağırışlara da tam cavab verir. Bu gün ölkə başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə elm, təhsil və texnologiya sahəsində aparılan islahatlar müasir Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafına öz tövhələrini verməkdədir”.
İ.Həbibbəylinin sözlərinə görə, elm, təhsil, texnologiya sahəsində digər resurslar yenidən kəşf olunmalıdır: “Təhsilin qarşısında duran məsələ, təbii resursların daha dərindən araşdırılması, öyrənilməsi, cəmiyyətdə istifadə edilməsindən ibarətdir. Bu sahədə təhsilin rolu vacibdir”.İqtisadiyyat nazirinin müaviniNiyazi Səfərov ölkədə bilik iqtisadiyyatının formalaşmasından danışıb. Bildirib ki, orta və uzun müddətli perspektivləri müəyyənləşdirən Strateji Yol Xəritəsində iqtisadi inkişafla yanaşı, təhsilin də inkişaf hədəflərinin müəyyənləşdirilməsi hər iki sahənin bir-biri ilə sıx əlaqədə olduğunu göstərir.
Biliklərin kommersiyalaşdırılmasında problemlərin olduğunu qeyd edən nazir müavini dövlət idarəetmə strukturları ilə elm və təhsil müəssisələrinin birgə fəaliyyətinin vacibliyini vurğulayıb: “Bu gün elə ixtisaslara tələbat yaranır ki, biz bunu təmin etməliyik. Ölkədə yeni postneft iqtisadi modelinin formalaşmasında təhsilin, elmin, iqtisadiyyatın və insan kapitalının rolu böyükdür. Ölkə başçısı tərəfindən müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün bu amilləri birləşdirərək qarşımızda duran məqsədlərin həyata keçirilməsini birlikdə müşahidə edəcəyik”.
Davamlı inkişafın təmin edilməsində təhsilin mühüm amil olduğunu deyən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanın sosial-iqtisadi inkişafında təhsilin rolunu xüsusi vurğulayıb. Azərbaycanda təhsil sektorunun inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən Q.İsakzai təmsil etdiyi qurumun inkişaf proqramı çərçivəsində ölkəmizin digər təhsil müəssisələri ilə yanaşı, UNEC-ə də dəstək göstəriləcəyini bildirib. BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi tələbələrin karyera inkişafı, tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, təhsilin əlilliyi olanlar üçün əlçatan edilməsinin vacibliyini də xüsusi vurğulayıb. Q.İsakzai UNEC-lə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Valeriyevna Şubenkova dünyada yüksək texnologiyalarının sürətlə inkişaf etdiyini nəzərə çatdıraraq, rəqəmsəl təhsil mühitinin yaradılması ilə online təhsilin qaçılmaz olduğunu vurğulayıb.
Konfrans “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyllər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzusunda sessiyalarda işini davam etdirib. Sessiyalarda yerli və xarici ekspertlərin məruzələri dinlənilib.
Konfrans iki gün davam edəcək.