Oktyabrın 19-da UNEC-də “Yazılı imtahan tələbə biliyinin təminatıdır” mövzusunda dəyirmi masa keçirilib.
UNEC-in Biznes və menecment fakültəsində təşkil edilən dəyirmi masaya kafedra müdirləri, ixtisas fənlərini tədris edən müəllimlər, valideynlər və tələbələr qatılıblar. Fakültə dekanı, dosent Mirağa Əhmədov UNEC-də təhsilin keyfiyyətini artırmaq məqsədi ilə həyata keçirilən layihələrdən bəhs edib. Bildirib ki, I kurs tələbələrinin ixtisas fənləri üzrə imtahanlarının yazılı qaydada həyata keçirilməsi bu istiqamətdə atılan önəmli addımlardandır. M.Əhmədov tələbələrə mükəmməl bilik verməyin və əmək bazarının tələblərinə uyğun elmi potensiallı kadr hazırlamağın UNEC-in prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. O, ixtisas fənlərindən kollokvium və imtahanların yazılı keçirilməsinin tələbə biliyini və düşüncəsini inkişaf etdirəcəyinə əminliyini ifadə edib.
Menecment kafedrasının müdiri, professor Kamil Şahbazov bildirib ki, kollokvium və imtahanların yazılı keçirilməsi novator tələbəri üzrə cıxaracaq, onların təfəkkürünü daha da inkişaf etdirəcəkdir. İqtisadi nəzəriyyə kafedrasının dosenti Xankişi Xankişiyev kollokvium və imtahan suallarının hazırlanarkən test suallarından fərqli olaraq daha dərin məntiqli elmi əsaslara söykəndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu tələbələrin daha çox bilik əldə etməsinə, onların öz ixtisaslarını mükəmməl öyrənmələrinə zəmin yaradacaq.
Valideyn Mahirə Qarayeva kollokvium və imtahahnların yazılı keçirilməsinin övladları üçün faydalı olacağını bildirib: “Övladım yazılı imtahana hazırlaşarkən kitabxanada daha çox vaxt sərf edəcək, daha çox mütaliə edəcək. Bu, bir valideyn olaraq bizdə məmnunluq hissi yaradır”. Oxuyan tələbə üçün imtahan çətin deyil, deyən I kurs tələbəsi Röya Abdullayeva da yazılı imtahanlara hazırlaşarkən kitablardan daha çox istifadə etməyin üstünlüklərindən danışıb.
Müzakirələrlə davam edən dəyirmi masanın sonunda hər ixtisas üzrə ən yüksək balla UNEC-ə qəbul olan tələbələrə təşəkkürnamə təqdim edilib.