UNEC-də “Elmi tədqiqat ili” çərçivəsində Texnologiya və dizayn fakültəsində elmi seminarlar keçirilib.
“İnformatika” və “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedralarının birgə təşkilatçılığı ilə keçirilən elmi-praktiki seminar “Rəqəmsal iqtisadiyyat və maliyyə kibertexnologiyaları” mövzusuna həsr olunub. Fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi seminarda dekan, professor Vəkil Hüseynov bildirib ki, UNEC rektorunun imzaladığı tədbirlər planına əsasən, 2018-ci il universitetdə “Elmi tədqiqat ili” elan olunub. Tədbirlər planı çərçivəsində kafedraların profilinə uyğun olaraq, aktual mövzularda elmi seminarların keçirilməsi nəzərdə tutulub.
Elmi seminarın moderatoru, “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti Təranə Əliyeva informasiya cəmiyyətinə keçidi şərtləndirən amillərdən danışıb. O, telekommunikasiya texnologiyaları, fərdi kompüterlərin kütləvi yayılması və qlobal şəbəkənin inkişafından bəhs edib, informasiya proseslərinin inkişafı və iqtisadi sahələrə nüfuzetmə fonunda tədricən təsərrüfat fəaliyyətinin öz virtuallığı ilə fərqlənən unikal formalarının yaranması ilə rəqəmsal iqtisadiyyat konsepsiyasının meydana gəlməsi faktını qeyd edib.
Seminarda Ultra şirkətinin biznes servis qruplarının rəhbəri Məhəmməd Zülfüqarlı “Rəqəmsallaşma – yeni reallıq” adlı məruzəsində rəqəmsal iqtisadiyyatın üstünlükləri, rəqəmsal innovasiya və trendlərdən danışıb, rəqəmsal iqtisadiyyatın tətbiqinin əmək bazarına təsirini, rəqəmsallaşmanın faydalarını və mənfi təsirlərini açıqlayıb. O, inkişaf etmiş ölkələrlə keçid iqtisadiyyatlı ölkələr arasında rəqəmsal iqtisadiyyatın bir sıra indikatorlarını nəzərdən keçirərək, onların müqayisəli təhlilini aparıb.
SABAH qruplarının rəhbəri, dosent Aida Quliyeva isə “Maliyyə kibertexnologiyaları: Azərbaycanda tətbiq imkanları” adlı məruzəsi ilə çıxış edib. O, kibertexnologiyaların insanların sosial, mədəni, iqtisadi və siyasi həyatındakı rolundan danışıb, həmçinin kriptovalyutanın funksiyaları, ənənəvi maliyyə əməliyyat və alətlərinin müasirləşməsindən bəhs edib.
Seminarda “İnformatika” kafedrasının müdiri, dosent Hafiz Bayramov, kafedranın dosenti İsa Musayev və Könül Mirzəmmədova mövzu ilə bağlı çıxış ediblər.
Fakültə nəzdində növbəti seminar isə “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə “Azərbaycan tarixinin aktual problemləri” mövzusuna həsr olunub.
“Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov seminarın mövzuları barədə məlumat verdikdən sonra məruzələr dinlənilib. Kafedranın professorları Məhəbbət Paşayaeva “1918-ci ildə Azərbaycanda törədilmiş soyqırımlar və onun ağır nəticələri”, Vəkil Həsənov “Arazın o tayında müsəlmanların soyqırımı”, Nizami Süleymanov isə “Ermənistanın Azərbaycana hərbi təcavüzü. Xocalı soyqırımı” barədə ətraflı məlumat verib.
Seminarlarda suallar cavablandırılıb, mövzularla bağlı müzakirələr aparılıb.