A

UNEC-də Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

İqtisadiyyat fakültəsində keçirilən konfrans “Ekoloji problemlər və onların həlli yolları” mövzusunda olub. Konfransda fakültə rəhbərliyi, ekologiya ixtisası üzrə təhsil alan tələbələrlə yanaşı, Təhsil Nazirliyi, SOCAR və QHT nümayəndləri də iştirak edib.

Konfransda çıxış edənlər dövlətin həyata keçirdiyi ekoloji siyasət haqqında danışıb, ulu öndər Heydər Əliyevin respublikamız üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf startegiyasının bu gün də uğurla həyata keçirildiyini vurğulayıblar. Konfransda tələbələr müxtəlif mövzular üzrə çıxışlar təqdim ediblər. Azərbaycanın bir sıra ekoloji problemlərinə toxunan tələbələr, bu problemlərin həlli istiqamətində təkliflər irəli sürüblər.

Biznes və menecment fakültəsində isə “Ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi inkişaf modeli” mövzusuna həsr olunan konfrans keçirilib.

Konfransda fakültənin professor-müəllim heyətilə yanaşı, doktorant, magistr və tələbələr iştirak ediblər. Fakültə dekanı, dosent Mirağa Əhmədov, “Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri professor Arif Şəkərəliyev, “Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov, “Biznesin idarə edilməsi” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev, TEC sədri Aslan Əzimzadə ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsinin təməli qoyulduğunu bildiriblər. Natiqlər bu siyasətin indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Əmtəəşünaslıq fakültəsində keçirilən tədbir isə “Keyfiyyət və rəqabətədavamlılıq: perspektivlər və problemlər” mövzusunda olub. Fakültə dekanı, dosent Tofiq Osmanov və “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professor Əli Həsənov Azərbaycanın dünya bazarında rəqabətədavamlı milli brendlə uğurla təmsil olunması, istehlak mallarının istehsalı və ixrac potensialının artırılması istiqamətində həyata keçirilən yeniliklərdən danışıblar. Konfrans “İstehlak mallarının ekspertizası və marketinqi” və “Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi” bölmələri üzrə davam edib. Tələbələr müasir istehlak bazarına daxil olan ərzaq və qeyri-ərzaq mallarının istehsal texnologiyası, istehlak xassələri, keyfiyyət səviyyəsinin qiymətləndirilməsi, keyfiyyətin idarə edilməsi, istehsal və xidmət sahələrində standartlaşdırma və sertifikatlaşdırma ilə bağlı mövzularla çıxış ediblər.

Rus İqtisad Məktəbində “Azərbaycan iqtisadi inkişafın innovasiya modelinin reallaşması şəraitində” mövzusunda keçirilən konfransda fakültə dekanı, dosent Mənsur Barxudarov, professor Elşad Məmmədov və digər natiqlər təhsil sahəsində əməkdaşlığın innovasiya formaları barədə danışıb. Konfrans öz işini 5 bölmə iclasında davam etdirib. Konfrans çərçivəsində iki interaktiv seminar təşkil edilib.

Konfransın sonunda fəal çıxış edən tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR