UNEC-də kollec müəllimləri üçün təşkil olunan “Sahibkarlığın əsasları” mövzusunda təlimlər başa çatıb.
5 gün ərzində davam edən təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan kolleclərin müəllimləri iştirak edib. UNEC-in dosentləri müəllimlərə sahibkarlıq mühiti, kiçik və orta sahibkarlıq fəaliyyəti, innovasiya sahibkarlığı, sahibkarlıq fəaliyyətində risklər, vergiqoyma və bu istiqamətdə digər mövzularda təlimlər keçiblər.
Təlimin son günündə iştirakçılarla görüşən UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev kiçik və orta sahibkarlıqla bağlı keçirilən təlimlərin əhəmiyyətindən bəhs edib, bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. A.Rzayev təlim müddətində müəllimlərin əldə etdikləri biliklərin onlar üçün faydalı olacağına əminliyini ifadə edib.
Sonda təlimləri uğurla bitirən kollec müəllimlərinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimlər “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin müvafiq bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunub.