A

Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədilə, təhsil nazirinin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in strateji planı təsdiq olunub. Strateji plana uyğun olaraq, UNEC-də “Sahibkarların Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin praktiki tətbiqi ilə bağlı ehtiyaclarının müəyyən edilməsi” mövzusunda seminar keçirilib.

Seminarda UNEC-in professor-müəllim heyəti ilə yanaşı, Vergilər Nazirliyinin nümayəndələri də iştirak ediblər.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirildiyindən bəhs edib. Vergi Məcəlləsində olunan dəyişikliklərdə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, o cümlədən sahibkarlığın inkişafının dəstəklənməsi  məsələlərinə də xüsusi önəm verildiyini qeyd edib.

Tədbirdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov və kafedra müdiri Malik Əkbərov Vergilər Məcəlləsinə edilən dəyişikliklərin, o cümlədən nağdsız hesablaşmaların tətbiqinin əhəmiyyətindən danışıblar.

UNEC-in “Mühasibat uçotu və audit”  kafedrasının müdiri, professor Sifariz Səbzəliyev vergi uçotunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib.

Çıxışlardan sonra vergilərin ödənilməsində könüllülük prinsiplərinin əsas istiqamətləri təhlil edilib, bir çox inkişaf etmiş ölkələrin vergi sistemlərinin formalaşdırılması yolları, o cümlədən Azərbaycanın vergi sisteminin region və digər dünya dövlətlərinin vergi sistemlərinə inteqrasiyanın müxtəlif aspektləri müzakirə olunub. Sahibkarların ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində praktiki təklif və tövsiyələr hazırlanaraq, Vergilər Nazirliyinin Tədris Mərkəzinə təqdim edilib.

TOP XƏBƏRLƏR