A

UNEC-də Biznes və menecment fakültəsinin təşkilatçılığı ilə Türk Dünyası İqtisad Fakültəsi və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə birgə “Elmdə innovasiya və sahibkarlıq fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

“Elm aylığı” çərçivəsində keçirilən tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, doktorant, magistr və bakalavrlar iştirak ediblər. Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov qoyulan mövzunun aktuallığından danışaraq, elmi innovasiyaların sahibkarlıq fəaliyyətinin inkişafına təsirindən bəhs edib. UNEC-də İnnovativ Biznes inkubartorun fəaliyyət göstərdiyinə diqqət çəkən dekan, yaradılan biznes inkubatorun və startap mərkəzlərinin əsas məqsədinin gənclərin sahibkarlıq sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etmək, həmçinin gənc sahibkarların innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdən ibarət olduğunu bildirib.

Türk Dünyası İqtisad Fakültəsinin dekanı professor Hayati Beşirli hazırki dövrün dördüncü Sənaye inqilabı olduğuna diqqət çəkərək, müasir əmək bazarının tələblərinə uyğun təhsil islahatlarının aparılmasının vacibliyindən danışıb. O, rəqabətqabiliyyətli, yaradıcı düşüncəyə sahib gənclərin yetişdirilməsinin vacibliyini qeyd edib.

Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov UNEC-də elmi fəaliyyətin inkişafı istiqamətində görülən işlərdən söz açıb. Beynəlxalq təcrübənin uğurlu modelinin UNEC-də tətbiqinin bu sahədə geniş imkanlar aca biləcəyini qeyd edən professor, Web of Science və Scopus beynəlxalq elmi bazalarında dərc olunmaq üçün sahibkarlığın inkişafına təkan verə biləcək məqalələrin hazırlanmasını təklif edib.

“İqtisadiyyat və işlətmə kafedrasının” baş müəllimi Oqtay Quliyev və “İqtisadiyyat və idarəetmə kafedrasının” dosenti  Aytən Hüseynli isə elmdə innovasiyanın tətbiqinin sənaye üçün uyğun kadrların hazırlanmasında mühüm rol oynayacağını vurğulayıblar. “Biznesin idarə edilməsi” kafedrasının dosenti Niyazi Həsənov elmi mütəxəssislərin formalaşması, şirkətlərin təşkili və idarə edilməsində dünya təcrübəsini bölüşüb. Azərbaycanda bu istiqamətdə texnoparkların fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı fikirlərini paylaşıb.

Tədbir elm və təhsilin innovativ sahibkarlığın inkişafındakı rolu üzrə müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR