UNEC-in alimləri İsmayıllıda maliyyə savadlılığının artırılması mövzusunda seminar keçib
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Maliyyə savadlılığının və biznes subyektlərində texnologiya savadlılığının artırılması” mövzusunda seminar-treyninq keçirilib.
İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində keçirilən seminar “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq təşkil olunub.
Rayon icra hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov bu tip maarifləndirici tədbirlərin iqtisadi, maliyyə, kommersiya, biznes qurumlarının fəaliyyətinə savadlılıq, müasirlik gətirdiyini, o cümlədən idarəetmə imkanlarını artırdığını qeyd edib. İqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edən seminar, treyninq və elmi konfransların rayonun sosial-iqtisadi inkişaf tempini və keyfiyyətini artırdığını bildirib.
Seminarda UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov “Maliyyə savadlılığın artırılması” mövzusunda çıxış edib. Ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması”nın ayrıca strateji hədəf kimi qeyd olunduğunu diqqətə çatdıran professor Ə.Ələkbərov həmin sənədin müvafiq qurumlar, o cümlədən ali təhsil müəssisələri qarısında strateji vəzifələr qoyduğunu vurğulayıb. Professor maliyyə savadlılığının ictimai dəyər kimi tanınmasının istehlakçıların maliyyə məsələləri ilə bağlı düzgün qərarların verməsi və hüquqlarının müdafiəsinin artırılması baxımından əhəmiyyətli rol oynadığını bildirib.
“Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev iştirakçılara “Yeni mühasibat standartları” barədə ətraflı məlumat verib, yeni standartların ölkədə tətbiqinin əhəmiyyətindən danışıb. Professor ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatların aparıldığını, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlərin tətbiq edildiyini bildirib.
Seminarda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşı, dosent Ramiz Məhərrəmov “Azərbaycan Respublikasında vergi islahatları çərçivəsində edilən dəyişikliklər, görüləcək işlər, vergi orqanları və sahibkarların birgə fəaliyyəti. Vergi inzibatçılığında yeni elektron texnologiyalarının tətbiqi imkanları”, “Kapital Bank”ın Xəzinədarlıq departamentinin Dilinq şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Vüqar Nəzərov “Bank biznesinin ən yeni formaları, şəbəkə və internet bankları, hesabların distant idarə olunması. Elektron bankçılığın gələcək inkişaf perspektivləri”, Bakı Hesabat mərkəzinin direktoru, sərbəst auditor Mehdi Babayev isə “Elektron mühasibatlığın tətbiqi və bu sahədə olan yeniliklər” mövzularında çıxış ediblər.
100-dən çox kiçik və orta sahibkarlıq subyektinin iştirak etdiyi seminar müzakirələrlə davam edib.