A

UNEC-də “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması, maliyyə savadlılığının və biznes subyektlərində texnoloji savadlılığın artırılması”  mövzusunda treninq-seminar keçirilib.

“Maliyyə və maliyyə institutları” kafedrasının təşkilatçılığı və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə keçirilən tədbir ölkə Prezidentinin 16 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinin icrasının təmin edilməsi ilə məqsədilə təsdiqlənən UNEC-in Tədbirlər Planına uyğun olaraq təşkil olunub.

“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov ölkəmizdə gedən iqtisadi islahatlar çərçivəsində maliyyə xidmətlərinin inkişafından söz açıb. KOS subyektləri ilə ali təhsil müəssisələri arasında savadlılıq sahəsində birgə tədbirlərin aparılmasının aktuallığından  danışan Ə.Ələkbərov UNEC-də bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib.

Seminarda mühasibat uçotunun tədrisinin müasir vəziyyətindən də bəhs olunub. Bu barədə çıxış edən “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev mühasibat uçotunun tədrisinin təkmilləşdirilməsi meyllərindən danışıb.

 “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Mübariz Bağırov isə biznes meyarlarına uyğun maliyyə xidmətlərinin inkişafına diqqət çəkərək, bank sisteminin kapitallaşması və likvidliyi, müflisləşmə, lizinq, alternativ maliyyə imkanlarının seçilməsi, inklüzivlik, KOS subyektlərində zəmanətli fondların yaradılması, maliyyə əlçatanlığının təmin edilməsi barədə çıxış edib.

Dosent Zöhrab Paşayev Vergi Məcəlləsində edilən dəyişiliklərin tətbiqi, dosent Zöhrab İbrahimov isə vençur kapitalının maliyyələşdirilməsi, riskli və innovativ layihələrin maliyyələşdirmə imkanları, KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatlarına çıxış imkanlarının təşviqi məsələlərinə toxunub.

Seminarda çıxış edən Bakı Hesabat mərkəzinin direktoru, sərbəst auditor Mehdi Babayev iştirakçılara elektron mühasibatlığın tətbiqindən danışıb və bu sahədəki yenilikləri açıqlayıb. Bank işi üzrə ekspert Emin Aslanov bank biznesinin ən yeni formaları, şəbəkə və internet bankları, hesabların distant idarə olunması, həmçinin elektron bankçılığın inkişaf perspektivləri haqqında iştirakşıları məlumatlandırıb.

30-a dək KOS subyektinin iştirak etdiyi seminar müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR