A

UNEC-də “Elm aylığı” çərçivəsində Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunan “Azərbaycanda müasir etnokultural mühit və tolerantlıq ənənələri” mövzusunda onlayn elmi seminar keçirilib.

UNEC-in EFTİED-in Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin və UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Dillər Universiteti, Milli Azərbaycan Tarixi Muzeyinin, müxtəlif elmi-tədqiqat müəssisələrinin əməkdaşları, eyni zamanda Rusiya Federasiyası Volqoqrad Universitetinin professor-müəllim heyəti, Ukrayna Respublikasının T.Şevçenko adına Kiyev Milli Universitetinin Türkologiya kafedrasının müəllim və tələbələri də iştirak ediblər.

UNEC-in elm və innovasiyalar üzrə prorektoru, prof. Sakit Yaqubov seminar iştirakçılarını salamlayaraq, müxtəlif fərqli mədəniyyətlərin bir arada yaşamasının təcəssümü olan multikulturalizmin əhəmiyyətindən bəhs edib. Azərbaycan multikulturalizminin dünyada tanınmasından, bu gün ölkədə etnik müxtəlifliyin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərdən olduğunu vurgulayıb.

UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri prof. Məhəbbət Paşayeva Azərbaycanda mövcud olan etnik rəngarənglik və müxtəlif konfessiyalar barədə məlumat verərək, Azərbaycanın etnik müxtəlifliyini əks etdirən təqdimatla çıxış edib. Məruzəçi Azərbaycanda dini tolerantlıq, birgə yaşamaq ənənələrini şərtləndirən əsas amillərdən bəhs edib, multikulturalizm siyasətinin ölkədə yaşayan bütün xalqların birliyini, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün əsas vasitələrdən biri olduğunu diqqətə çatdırıb.

Seminarda BBMM İcraçı Direktoru Rəvan Həsənov mərkəzin fəaliyyətinin əsas istiqamətləri, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində aparılan işlər, eyni zamanda ali təhsil ocaqlarında yaradımış multikulturalizm mərkəzlərinin fəaliyyətlərindən söz açıb. UNEC Multikulturalizm Mərkəzi ilə sıx əməkdaşlıqdan bəhs edən Rəvan Həsənov bu əməkdaşlığın başlıca istiqamətlərindən birinin Tədqiqat Mərkəzinə yeni və beynəlxalq layihələrin təklif olunmasının əhəmiyyətini vurğulayıb.

Alban-udi icmasının sədri, UNEC Multikulturalizm Mərkəzinin üzvü Robert Mobili “Azərbaycan multikulturalizmi modelində udilər” mövzusunda məruzə edərək Azərbaycanda udi etnosunun tarixi aspekti və müasir dövrdəki vəziyyətindən bəhs edib. R.Mobili udilərin kompakt yaşadığı Qəbələ rayonunun Nic kəndində Heydər Əliyev fondu tərəfindən bərpa edilən qədim kilsə haqqında da məlumat verib.

Volqoqrad Dövlət Qulluğu Akademiyasının tarix və siyasət nəzəriyyəsi kafedrasının professoru Ricard Danakari Azərbaycan multikulturalizminin fəlsəfi aspektlərindən danışıb. Bir çox ölkələrdə muktikulturalizm siyasətinin iflasa uğradığını bildirən məruzəçi, Azərbaycanda multikulturalizmin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. O, Volqoqradda Azərbaycan multikulturalizmini tədqiq edən Multikuturalizm Mərkəzinin açılmasının perspektivlərini açıqlayıb.

T.Şevçenko adına Kiyev Milli Universitetinin Ukrayna-Azərbaycan əlaqələri üzrə əlaqələndirici Marina Qoncaruk seminarda müxtəlif ölkələrin tədqiqatçılarının qatıldığının müsbət qiymətləndirərərk, müzakirələrin iştirakçılar üçün faydalı olacağını bildirib.

Seminarın sonunda UNEC EFTİED Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova seminar iştirakçılarına minnətdarlığını bildirərək, gələcək layihələr barədə məlumat verib.

TOP XƏBƏRLƏR