UNEC-də “Qarabağ müzakirələri” çərçivəsində növbəti tədbir keçirilib.
“Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsiri” mövzusuna həsr olunan tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkili Ramil Həsən, Türkiyənin Sakarya Universiteti Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Prof. Dr. Haluk Selvi və UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dos.Oqtay Quliyev çıxış ediblər.
Tədbirin açılışında rektor Ədalət Muradov Ağdamın işğaldan azad edilməsi münasibətilə hər kəsi təbrik edərək, bu möhtəşəm qələbənin əldə olunmasına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza dərin minnətdarlığını bildirib.
Mövzu ilə bağlı məlumat verən rektor bildirib ki, bugünkü tədbirdə Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsirləri, yeni imkanlar və iqtisadi təsirin transmissiya mexanizmi araşdırılacaq, eləcə də bu istiqamətdə iqtisadçıların üzərinə düşən vəzifələr müəyyən olunacaqdır.
Millət vəkili Ramil Həsən işğaldan azad olunan ərazilərin iqtisadi inkişaf imkanlarından danışıb. Qarabağın işğaldan azad edilməsinin və Naxçıvan dəhlizinin açılmasının bu istiqamətdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Millət vəkili bölgədə iqtisadi və siyasi sabitliyin bərqərar olmasının Türk dünyası dövlətləri ilə əməkdaşlıqda böyük imkanlar yaradacağını bildirib.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Türk şurasına üzv dövlətlərin ticarət əlaqələrindən danışıb. Bildirib ki, Azərbaycanın son 16 ildə həmin ölkələrə yatırdığı investisiyanın məbləği 13 milyard ABŞ dolları, həmin ölkələrin ölkəmizə yatırdığı imvestisiyanın həcmi isə 18 milyarddan çox olmuşdur. Nazir müavini cari ilin 9 ayında Türk şurasına üzv dövlətlər ilə Azərbaycanın Ticarət dövriyyəsinin həcminin ümumi xarici ticarət dövriyyəsində 18.5 faiz təşkil edərək 3,4 milyard dollar olduğunu deyib. Qarabağın azad edilməsinin iqtisadi inkişaf baxımından bu istiqamətdə böyük əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb.
Sakarya Universiteti Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Prof. Dr. Haluk Selvi Qarabağdan əhalisinin həmin ərazilərdə məskunlaşdırılması və əhalinin iqtisadi inkişafda rolundan danışıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin region ölkələrin iqtisadi əlaqələrini və inkişafını sürətləndirəcəyini bildirib. Professor Qafqaz ölkələrinin bir-biri ilə quracaqları əlaqə və inteqrasiya ilə böyük iqtisadi qazanclar əldə edə biləcəklərini vurğulayıb.
Tədbirdə UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri dos.Oqtay Quliyev Qarabağın azad edilməsinin Türk Dünyasına iqtisadi təsirləri barədə təqdimatla çıxış edib. Məruzəçi ticarət dövriyyəsində yaranacaq fürsətləri, Azərbaycanın bu istiqamətdə idxal və ixrac potensialını açıqlayıb. Qarabağın Türk dövlətləri ilə mədəni, iqtisadi, elmi inteqrasiyasından danışıb.
Sonda rektor bir sıra məqamlara diqqət çəkib. Naxçıvan dəhlizinin açılmasının Türk dünyasının nəqliyyat kommunikasiya imkanlarını əhəmiyyətli dərəcədə artırdığını, digər tranzit kanallardan asılılığı azaldaraq, tranzit potensialını artırmış olduğunu bildirib. Rektor Türk dünyası ilə əməkdaşlıqda iqtisadi səmərəliliyin əsas amil kimi götürülməsinin vacibliyini qeyd edib.
Müzakirələrdən sonra mövzu ilə bağlı suallar cavablandırılıb.
Xatırladaq ki, Qarabağ müzakirələri çərçivəsində UNEC-in tədqiqat mərkəzlərinin təşkilatçılığı ilə ölkənin və Türkiyənin aparıcı iqtisadçıları, İqtisadiyyat Nazirliyinin rəsmiləri, millət vəkillərinin iştirakı ilə silsilə tədbirlər keçirilib. Həftə ərzində keçirilən müzakirələrdə Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə gözlənilən təsirləri, Ermənistan işğalının Azərbaycana vurduğu zərər, onun metodologiya və ilkin qiymətləndirməsi, Qarabağın gələcək iqtisadiyyatı ilə bağlı araşdırmaların nəticələri açıqlanıb, təqdimatlar nümayiş olunub.
Tədbir UNEC-in rəsmi Facebook və YouTube səhifələrindən canlı yayımlanıb.
AZTV