UNEC-in gənc tədqiqatçılarının həmmüəllifi olduqları elmi məqalə Web of Science və Scopus (Q3; SJR 2019 – 0,234) elmi məlumat bazalarına daxil olan “Economic Annals-XXI“ (2020, Vol. 185, No 9-10, s. 27-38) elmi-tədqiqat nəşrində dərc olunub.
“Maliyyə və maliyyə institutları” kafedrasının doktorantı, i.ü.f.d Fəxri Mürşüdlünün və Beynəlxalq iqtisadi münasibətlər kafedrasının dissertantı Erkin Dilbazinin həmmüəllifi olduqları məqalə “Beynəlxalq bank biznesi və bank strategiyası: postsovet dövlətləri üçün qlobal tendensiyalar və meyarlar” adlanır.
Məqalədə beynəlxalq bank biznesinin 2007-2009-cu illərdəki qlobal iqtisadi böhrandan əvvəl və sonrakı vəziyyəti təhlil edilib. Eləcə də COVID-19 pandemiyasının beynəlxalq bankçılıq və bank strategiyasının transformasiyasına gələcəkdə mümkün təsiri barədə proqnozlar verilib. Müəlliflər postsovet dövlətlərindən (xüsusən Azərbaycandan) iri bankların (Azərbaycan Beynəlxalq Bankı, PASHA Bank) bu bankların yönəldildiyi ölkələrə beynəlxalq ekspansiya strategiyalarını nəzərdən keçiriblər. Məqalədə coğrafi ekspansiya ilə bağlı qərarlarının əsasında duran səbəblər, buna mane olan amillər açıqlanır. Dəyişən qlobal mühitdə və qeyri-müəyyənlik şəraitində beynəlxalq bankların transformasiyası göstərilir.