A

İqtisadiyyat fakültəsi və fakültə mentorluq xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın tarixi inkişaf yolu və ərazi bütövlüyü” adlı vebinar keçirilib.

Tədbirin açılışında İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyev AXC-nin yaranması tarixi və bu hadisənin ölkəmizin sonrakı inkişafına verdiyi töhfələrdən bəhs edib. Azərbaycan xalqının XX əsrdə yenidən müstəqillik qazanmasını onun tarixən müstəqil təfəkkürə malik olması ilə əlaqələndirən A.Quliyev, 23 ay mövcud olmasına baxmayaraq AXC-nin Azərbaycan xalqının müstəqil dövlət yaratmağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdiyni diqqətə çatdırıb.

UNEC-in prorektoru, dosent Səadət Qəndilova Şərqdə ilk demokratik respublika kimi tanınan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik tarixinin şanlı səhifələrindən olduğunu bildirib. Azərbaycan Respublikasının XX əsrin sonlarında dövlət suverenliyini bərpa etməsindən sonra əldə olunmuş müstəqilliyin qorunub saxlanması və daha da möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xüsusi rolunu vurğulayıb.

Sonra AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov cümhuriyyətin elanından bugünə qədərki tarixi dövr haqqında məlumat verib. Xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairlərinin daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində apardıqları gərgin mübarizədən bəhs edib.

Tədbirdə UNEC Magistratura Mərkəzinin direktoru professor Qabil Manafov, UNEC Rus İqtisad Məktəbi dos. Mənsur Bərxudarov, Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova, Humantitar fənlər departamentinin direktoru dos. Gülnarə Rzayeva, Mühəndislik fakültəsinin dekanı dos. Elçin Səmədov, Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov, Qiyabi və Əlavə təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, kafedra müdiri, professor Vəkil Həsənov, İqtisadiyyat fakültəsinin mentorluq xidmətinin rəhbəri Zeynəb Qiyasova Azərbaycan xalqının şanlı tarixinin parlaq səhifələrindən olan AXC-nin yaranmasından və o dövrün siyasi vəziyyətindən danışıblar. 1920-ci ildə Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasını AXC-nin ən böyük nailiyyətlərindən biri kimi səciyyələndiriblər.

TOP XƏBƏRLƏR