A

UNEC-də görkəmli elm xadimi Lütfi Zadənin anadan olmasının 100 illik yubileyinə həsr olunan seminar keçirilib.

Rəqəmsal iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbir “Lütfi Zadə irsi - Qeyri səlis iqtisadiyyat” mövzusunda olub.

Seminarın açılışında UNEC-in prorektoru, professor Sakit Yaqubov Prezident İlham Əliyevin görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama diqqət çəkərək, tədbirin sərəncamdan irəli gələn tədbirlər planı çərçivəsində təşkil olunduğunu bildirib. UNEC-də fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış Lütfi Zadəyə həsr olunan silsilə tədbirlərin keçiriləcəyini deyib.

UNEC-in kafedra müdiri, AMEA-nın İdarəetmə Sistemləri İstitutunun baş direktoru, akademik Əli Abbasov Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin izlər qoyduğunu və yeni yanaşma üsulları meydana gətirdiyini deyib. Akademik bu nəzəriyyənin üstün intellektual texnologiyaların inkişafına güclü təsir göstərdiyini, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb, alimin nəzəriyyələrinin sənayenin inkişafına, texnologiyanın tərəqqisinə, ümumilikdə, dünya elminə və iqtisadiyyatına verdiyi töhfələrdən danışıb.

Seminarda çıxış edən AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov görkəmli alim Lütfi Zadənin qeyri-səlis iqtisadiyyatın inkişaf etdirilməsindəki rolundan bəhs edib. Eləcə də özünün sosial sistemlərin qeyri səlis modelləşdirilməsi istiqamətində apardığı tədqiqatlardan, həmin modellərin keyfiyyət göstəricilərindən söz açıb.

Çıxışlardan sonra tələbələrin Lütfi Zadə ilə bağlı sualları alimlər tərəfindən cavablandırılıb. Sonda münsiflər heyətinin qərarı ilə ən maraqlı sual verən 4 tələbə pul mükafatı qazanıb.

TOP XƏBƏRLƏR