Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) "Nizami Gəncəvi irsi dünya kitabxanalarında" layihəsini davam etdirir.
Layihənin üçüncü sayında, Avstriya Milli Kitabxanasında Nizami Gəncəvi irsi araşdırıldı. Kitabxanada Nizami Gəncəvi irsinə dair 35 kitab və 4 çoxcildli əsər, 11 əlyazma, 1 dövri nəşr, 1 audiomaterial olmaqla, ümumilikdə 52 əsərin biblioqrafik yazının olduğu araşdırma nəticəsində məlum oldu.
Bu əsərlər Bakı ilə yanaşı, London, Paris, Varşava, Praqa, Vyana, Moskva, Sürix, Daşkənd, Nyu York, Uppsala, Münhen, Tehran, Şiraz, Kazan, Leypsiq və s. dünyanın müxtəlif şəhərlərində Azərbaycan, türk, ingilis, rus, fransız, alman, fars, latın, özbək, çex dillərində nəşr edilmiş və ya yazıya alınmışdır. Araşdırma zamanı məlum oldu ki, Avstriya Milli Kitabxanasında Nizami irsinə dair mühafizə olunan ən qədim əlyazma XV əsrin böyük divan şairi Şeyhi (1373-1422) tərəfindən tərcümə edilən və 1475-ci ildə Sarayevoda türk dilində yazıya alınmış “Xosrov və Şirin” poemasıdır. Ən son material isə “Leyli və Məcnun”dan bəhs edən audiomaterial (2 CD) olmaqla 2011-ci ildə Vyanada alman dilində qeydə alınıb.