UNEC-də “5.0 Cəmiyyətlərdə strateji, sosial və iqtisadi çağırışlar” mövzusuna həsr olunmuş XVI Beynəlxalq Strateji İdarəetmə adlı konfransın bölmə iclasları davam edir.
Oktyabrın 29-da Türkiyənin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, professorLütfihak Alpkanın sədrliyi ilə keçirilən bölmə iclası “Təchizat zəncirinin idarə edilməsi və logistika” mövzusunda olub. İclasda Türkiyə və Polşada logistik performansın müqayisəsi, qlobal logistika sistemlərində blockchain texnologiyasının tətbiqi, təşkilati ekologiya və liderlik kontekstində korporativ idarəetmə, lokal bazarların yerləşdirilməsinin cəlbediciliyinin qiymətləndirilməsi metodu barədə xarici alimlər tərəfindən məruzələr dinlənilib.
Türkiyəli alim Zafer Acarın apardığı bölmə iclası isə “İnsan resursları və keyfiyyətin idarəedilməsi” mövzusunda olub. İclasda “Akademikləri həvəsləndirən amillərin müəyyən edilməsi: müxtəlif tədqiqat metodları”, “Keyfiyyət idarəetmə sistemlərinin iqtisadi səmərəliliyinin əsaslandırılması”, “Ali təhsil müəssisələrində korporativ brend quruculuğu: Azərbaycanda fəaliyyət göstərən publik universitetlər nümunəsində” mövzularındakı çıxışlar olub.
Növbəti bölmə iclası UNEC-in prorektoru professor Sakit Yaqubovun sədrliyi ilə “Biznes sektoru sahəsində strateji təhlil” mövzusunda olub.
Bölmə iclasları UNEC-in rəsmi facebook səhifəsindən canlı yayımlanıb.