A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsində "Ekoloji tarazlığın müxtəlif aspektləri" mövzusunda onlayn dəyirmi masa təşkil olunub.

Fakültə dekanı dosent Elçin Səmədov tədbiri açaraq, qlobal ekoloji problemlərin həlli baxımından bərk məişət tullantılarının düzgün idarə olunmasının vacibliyindən danışıb. O, ölkədə su ehtiyatlarının zənginləşdirilməsi istiqamətində işğaldan azad olunmuş ərazilərimizin xüsusi əhəmiyyəti barədə də iştirakçılara ətraflı məlumat verib.

"Bərk məişət tullantılarının çeşidlənməsi" mövzusunda məruzə edən Mühəndislik və tətbiqi elmlər kafedrasının Material mühəndisliyi ixtisasının baş müəllimi Afət Cəfərova məişət tullantılarının təsnifatı, Azərbaycanda bərk məişət tullantılarının idarə olunması, faydalı qazıntı tullantılarını zərərsizləşdirməklə onlardan səmərəli istifadənin texnologiyasından danışıb. A.Cəfərova diqqətə çatdırıb ki, hazırda tullantıların atılmasının əsas üsulu - onların poliqonlara daşınması problemini həll etmir, çünki poliqonlar atmosferi, torpağı, qrunt sularını çirkləndirən mənbələrdir.

"İşğaldan azad olunmuş ərazilərin Azərbaycanın su ehtiyatlarının idarə edilməsində rolu" mövzusu ilə çıxış edən  Mühəndislik və tətbiqi elmlər kafedrasının Ekologiya mühəndisliyi ixtisasının müəllimi Kəmalə Mustafayeva işğaldan azad olunmuş ərazilərin bərpa olunan enerji mənbələri ilə zənginliyindən söz acıb,  bu resurslardan istifadə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Kəmalə Mustafayeva işğaldan azad olunmuş ərazilərdən keçən çayların su ehtiyatları, su anbarlarının tutumu, çaylar üzərində yenidən qurulan və daha müasir standartlara cavab verən Su Elektrik Stansiyalarının gücü haqqında danışıb.

Məruzələrdən sonra iştirakçılar hər iki mövzunu müzakirə etdilər, sualları cavablandırdılar. Tədbirə dəvət olunmuş Türkiyənin Artvin Çoruh Universitetinin dosenti doktor Ayla Bilgin təşkilatçılara və məruzəçilərə təşəkkür edərək, tədbirin gedişatında ölkəmizdə ekoloji problemlərin həlli və su ehtiyatları haqqında maraqlı və ətraflı məlumatlar əldə etdiyini bildirdi. Dəyirmi masada həmçinin Mühəndislik və tətbiqi elmlər kafedrasının professoru Zabit Aslanov, dosentləri İlham Seydəliyev, Tofiq Osmanov, Kəmalə Dadaşova, baş müəllim Azər Məmmədov çıxış ediblər.

TOP XƏBƏRLƏR