UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə “Fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması” mövzusunda onlayn seminar keçirilib.
Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova universitetdə yaradılan tədqiqat mərkəzləri və onların fəaliyyəti barədə məlumat verib. Mövzunun aktuallığından söz açan moderator, fiziki şəxslərin gəlir və mənfəətlərindən tutulan vergi dərəcələri barədə məlumatların hamı üçün maraqlı və faydalı olacağını vurğulayıb.
Analitik-İnformasiya Resursları Mərkəzinin rəhbəri Esmira Əhmədova isə vergi ödəmələri ilə bağlı maarifləndirmə işlərini artırmağın və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
Sonra seminarın məruzəçisi Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov gəlir vergisinin ödəyiciləri və vergilərdən azad edilən gəlirlər barədə məlumat verib. Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə tətbiq olunan vergi dərəcələri, həmçinin fiziki şəxslərin gəlir vergisindən azad olunması və ya güzəşt olunması ilə bağlı təqdimatla çıxış edib.
Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.