UNEC-də Elm festivalı çərçivəsində Maliyyə və maliyyə institutları kafedrasının təşkilatçılığı ilə “Bank sektorunun dayanıqlığının təmin olunması və real iqtisadiyyatın maliyyələşdirilməsində rolu” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə kafedranın müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov bank sektorunun dayanıqlığı, onun milli iqtisadiyyatda çevik qərarların qəbul edilməsindəki rolundan bəhs edib, həmçinin Ukrayna-Rusiya müharibəsinin yaratdığı fəsadların bank sisteminə vurduğu zərbələrə diqqət çəkib. Bununla bağlı elmi yanaşmaların, eləcə də Mərkəzi Bankın və kommersiya banklarının çevik tədbirlər planı hazırlamalı olduğunu, ÜDM, dövlət büdcəsinin göstəriciləri, fiskal və monetar siyasətə yeni baxışların labüdlüyünü bildirib.
Sonra kafedranın professoru Elnur Sadıqov “Bank sektorunun dayanıqlığının təmin olunması və real iqtisadiyyatın maliyyələşdirilməsində rolu” mövzusunda geniş məruzə ilə çıxış edib.
Elmi seminar Maliyyə və mühasibat fakultəsinin dekanı dosent Hafis Hacıyev, Mərkəzi Bankın, Azərbaycan Beynəlxalq Bankının, Paşa Bankın, Bank of Bakunun əməkdaşlarının, həmçinin kafedranın alim, doktorant və dissertantlarının çıxışları ilə davam edib.