Mühəndislik fakültəsində Elm festivalı çərçivəsində “Yerin dərinliyindən kosmosun sonsuzluğuna” mövzusunda elmi-populyar mühazirə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Elçin Səmədov Elm festivalı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Hazırkı mövzunun günümüzün aktual məsələlərindən birinə həsr olunduğunu, kosmik texnologiyaların inkişafının elmin müxtəlif sahələrində yeni yanaşmaların tətbiq olunmasını, mövcud işlərin optimallaşdırılmasını şərtləndirdiyini diqqətə çatdırıb.
Mövzu üzrə təqdimatla çıxış edən AMEA-nın Elmi-təşkilat idarəsinin rəisi, kosmik elm və texnologiya üzrə beynəlxalq müstəqil ekspert, dosent Rüstəm Rüstəmov Azərbaycanda kosmik tədqiqatlar tarixindən, Yerin kosmosdan öyrənilməsində kosmik texnologiyanın tətbiqindən söhbət açıb. Məruzəçi Azərbaycanın kosmik texnologiyaya müdaxiləsinin tarixi və ilkin mərhələdə əldə olunmuş nailiyyətlərə toxunaraq, hazırda bu sahədə qazanılmış uğurlardan və Azərbaycanın dünya miqyasında kosmik tədqiqatlara töhfəsindən də bəhs edib.
Sonda mühazirə iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.