UNEC-in 2021-ci il üzrə elmi fəaliyyətinin yekunları müzakirəyə çıxarılıb.
Tədbirdə UNEC-in rektoru professor Ədalət Muradov, prorektorlar, struktur rəhbərləri, dekanlar, kafedra müdirləri, tədqiqat mərkəzlərinin rəhbərləri və digər əməkdaşlar iştirak ediblər.
Elm üzrə prorektor professor Sakit Yaqubov tədbirdə 2021-ci il üzrə UNEC-in elmi fəaliyyəti barədə hesabatla çıxış edib. Hesabatda UNEC əməkdaşlarının nəşr olunmuş elmi və metodiki işlərinin sayı, Web of Science və Scopus bazalarındakı metrik göstəricilər, elmi məqalə və istinad sayı, qrant layihələri, tədqiqat mərkəzlərinin və İAETİ-nin fəaliyyəti, doktoranturaya qəbulun nəticələri, elmi jurnallar, Kitabxana İnformasiya Mərkəzi və Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, 1975-2022-ci illərdə UNEC-in Web of Scıence-də çap olunmuş ümumi məqalələrinin 83 faizi, məqalələrə ümumi istinadların 81 faizi, eləcə də 1997-2021-ci illərdə Scopus bazasında indeksləşən bütün məqalələrin 91 faizi, UNEC məqalələrinə ümumi istinadların 91 faizi son 7 ilin (2015-2021-ci illər) payına düşür.
UNEC rektoru professor Ədalət Muradov universitetdə elmi fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində görülən işlərin UNEC-100 İnkişaf strategiyasının hədəflərinə uyğun aparıldığını və müsbət nəticələr verdiyini bildirib. UNEC-də akademik potensialın kifayət qədər olduğunu diqqətə çatdıran rektor, dünyanın 500 ən yaxşı universiteti sırasında olmaq istiqamətində səylərin daha da artırılacağını vurğulayıb.
Çıxışlardan sonra elmi fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əməkdaşların təklifləri səsləndirilib.