UNEC-də israilli təlimçi İlana Vaiman Naftulin tərəfindən keçirilən “Təlimçilərin Təlimi -Soft Skills” təlimləri uğurla başa çatıb.
UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən təşkil olunan 2 aylıq təlimlər 4 modul üzrə aparılıb. “Soft skills” (yumşaq bacarıqlar) sahəsində böyük təcrübəsi olan israilli mütəxəssis İ.V.Naftul müəllimlərə “Vaxtın idarə edilməsi bacarığı”, “Ünsiyyət bacarığı”, “Komandada əməkdaşlıq bacarığı”, “Problemlərin həlli” mövzularında təlimlər keçib.
Təlimlər modullar üzrə həm İsraildə, həm də Bakıda təşkil olunub. İsrailə ezam olunan UNEC-in 10-dan çox müəlliminə “Ünsiyyət bacarığı”, “Çevrilmiş təhsil”, “Layihə əsaslı tədris” mövzularında təlimlər keçirilib. Təlim zamanı müasir texnologiyalarının tətbiqinə və yeni nəsil öyrənmə texnikalarından istifadəyə xüsusi diqqət yetirilib. “Problemlərin həlli” (Problem Solving skills) adlı sonuncu modul isə UNEC-də tədris olunub.
Təlimlərin son günündə çıxış edən UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov müəllimləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Müəllimlərin beynəlxalq təcrübə əsasında əldə etdikləri bilik və bacarıqların UNEC-də tədrisin keyfiyyətinə müsbət təsir edəcəyindən əminliyini ifadə edib. İş dünyasında yumşaq bacarıqlara tələbin gündən- günə artdığını diqqətə çatdıran prorektor, dünyanın aparıcı universitetlərində tətbiq edilən yeni yanaşmalara yeni tədris ilindən UNEC-də də start veriləcəyini bildirib.
Sonra təlim iştirakçılarına UNEC-in rəsmi sertifikatları təqdim edilib.