A

Oktyabrın 5-də açılışı olan VIII Bakı Beynəlxalq Kitab sərgisində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi də öz stendi ilə təmsil olunub.

UNEC stendi həm xüsusi dizaynı, həm də zəngin resursları ilə ziyarətçilərin böyük marağına səbəb olub. Burada UNEC KİM-in fonduna daxil olan müxtəlif çap məhsulları, o cümlədən, UNEC alimlərinin Azərbaycan, rus, ingilis və türk dillərində nəşr olunmuş əsərləri, iqtisadiyyata dair tərcümə ədəbiyyatları, dünyanın nüfuzlu nəşriyyatlarının nəşrləri və tədris prosesində istifadə olunan digər əyani vəsaitlər nümayiş olunub.

UNEC-in Dizayn Məktəbinin təşkil etdiyi “Yaşıl iqtisadiyyat və mütaliə mədəniyyəti” adlı installyasiyanı (canlı heykəl) sərgi ziyarətçiləri maraqla izləyiblər. UNEC Dizayn məktəbinin  tələbələri yaşıl ağac obrazında ekoloji təmiz iqtisadiyyatı, dirçələn Qarabağı-ətraf mühitə zərər vurmadan davamlı inkişafın təmin edilməsinin əhəmiyyətini göstərməklə yanaşı, sağlam mühitdə gənclərə oxu mədəniyyətinin aşılanmasının zəruriliyinə də diqqəti yönəltməyə çalışıblar.

Sərginin açılış mərasimində iştirak edən türk tarixçisi və professoru İlber Ortaylı, millət vəkili Fazil Mustafa, Qanun nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu digər dövlət rəsmiləri və ziyalılar, əcnəbi qonaqlar UNEC-in stendi ilə tanış olub.

UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva ziyarətçilərə stenddə nümayiş olunan nəşrlər və installyasiya barədə ətraflı məlumat verib.

UNEC stendində təşkil edilmiş Qarabağ guşəsi, eləcə də IV Sənaye inqilabı guşəsi yerli və xarici ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb. 

TOP XƏBƏRLƏR