3 Dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər Günü inklüziv cəmiyyət quruculuğu üçün dövlətlərin və müxtəlif müəssisələrin, qurumların öhdəliklərini bir daha xatırladır. Bu prosesdə təhsil müəssisələrinin rolu böyükdür. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əlilliyi olan tələbələrin bərabər təhsil imkanlarına çıxışını təmin etmək üçün sistemli iş aparır. UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova AZƏRTAC-a müsahibəsində müvafiq istiqamətdə görülən işlərdən və hədəflərdən danışıb. Müsahibəni təqdim edirik.
-Sevinc xanım, əlilliyi olan tələbələrin bərabər təhsil imkanlarını təmin etmək üçün hansı tədbirlər görülür?
-Əvvəlcə onu deyim ki, UNEC-də təhsil alan əlilliyi olan tələbələr Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanları verərək universitetimizə qəbul olmuş gənclərdir. Yəni onlar ya xüsusi məktəbdə, ya evdə, ya da ümumi təhsil müəssisəsində təhsil almış şəxslərdir və bu gənclər az da olsa bəzi adaptasiya problemlərini həll etmiş olurlar. Bu baxımdan məktəbyaşlı uşaqlarla müqayisədə, onlarla çalışmaq bizim üçün bir qədər rahatdır. Təbii ki, onların hamısının daha asan adaptasiyası üçün biz tələbələr arasında daim maarifləndirmə tədbirləri, həmçinin müəllimlər üçün, inzibati heyət üçün daim təlimlər keçiririk, onlara əlilliyi olan və digər həssas kateqoriyadan olan tələbələrlə necə rəftar edilməsini, tədris prosesinin necə təşkil edildiyini izah edirik. Məsələn, “İnklüziv ali təhsil” ali təhsil müəssisələrinin müəllimləri üçün köməkçi dərs vəsaiti yazmışam. Bu kitabda ali təhsil alan əlilliyi olan tələbələrlə tədris şəraitini necə qurmaq, hansı əlilliyə görə nələrə diqqət yetirmək və digər məsələlər öz əksini tapıb. Ümumiyyətlə, biz bu mövzuda mütəmadi olaraq maarifləndirmə aparırıq.
Digər tərəfdən, İnklüziv Təhsil Mərkəzində xüsusi şərait yaradılıb. Əgər həssas tələbələrə əlavə dərslər, təlimlər, tədris prosesi üçün əlavə dəstək lazımdırsa, biz müəllimlərdən xahiş edirik və o dərsləri, təlimləri dərs materialları ilə təmin edirik. Eyni zamanda, xüsusi hallarda, əlilliyi olan tələbələr arasında ciddi narahatlıq, gərginlik keçirən, psixoloji durumu yaxşı olmayan tələbələrin imtahan vermələri üçün xüsusi şərait yaradılıb. Hətta universitetin imtahan qaydalarında belə bir müddəa var ki, lazım olduğu halda, məsələn, görmə məhdudiyyətli tələbələr yazılı imtahanları şifahi formada verə bilirlər. Bəzi zəruri hallarda biz universitetdə dərsləri hibrid formatda keçirik. UNEC-in 3-cü korpusunda əlilliyi olan tələbələr üçün girişdən başlayaraq bütün mərtəbələrdə, kitabxanada, yeməkxanada, konfrans zalında onların bu yerlərdən rahat şəkildə istifadə etməsi üçün bütün şərait yaradılıb. Həmçinin UNEC-in 2-ci tədris binasında “Gənclik” korpusunda müvafiq yerlərdə panduslar yerləşdirilib. Əgər hərəkət etməsində ciddi məhdudiyyəti olan tələbə varsa, onun oxuduğu qrupun tələbələri üçün dərslər bir mərtəbədə, bir auditoriyada təşkil olunur.
Onu da qeyd edim ki, UNEC-də təkcə İnklüziv Təhsil Mərkəzi deyil, bütün strukturlar birgə çalışır. Yəni hər kəs üzərinə düşən vəzifəni bilir və öz işini görür. Təbii ki, bu, ideal deyil, bəzən nöqsanlar da olur və biz onları aradan qaldırmağa çalışırıq. Ümumilikdə, UNEC-də inklüziv təhsillə bağlı bir sistemin qurulduğunu deyə bilərik.
UNEC-in müəllimlərin bir çoxu öz mühazirələrini audioformata çeviriblər və biz onları elektron kitabxanaya yerləşdiririk. Dünya kitabxanalarında da belə təcrübə var. Əlilliyi olan tələbələr bu mühazirələrdən istifadə edə bilirlər.
-UNEC İnklüziv Təhsil Mərkəzi hazırda nə qədər tələbəyə əlavə dəstək göstərir?
- Hazırda 70-dən çox tələbə rəsmi qeydiyyatdan keçib. Amma qəbul zamanı hansısa psixoloji durumunu, patologiyanı, xroniki xəstəliyini qeyd etməyən tələbələr də var. Onlar sonradan üzə çıxır. Belə insanlar cəmiyyətin stiqmasından, qınağından, yaxud insanların gülməsindən qorxduqları, çəkindikləri üçün öz əlilliklərini və ehtiyaclarını gizlədirlər. Bəziləri anonim müraciət edir. Bəziləri haqqında da biz məlumat alanda artıq onları uzaqdan müşahidə edirik.
Ümumilikdə, bizim nəzarət etdiyimizi tələbələrin sayı 500-dən çoxdur. Cəmiyyətdə psixoloji problemlər olan, qadağan olan maddələrin istifadəçiləri və digər zərərli vərdişlərdən asılı olan insanlar ola bilər. Evdə ciddi psixoloji problemlər yaşayan, psixoloji və fiziki zorakılığa məruz qalan tələbələr olur. Yəni bir çox depressiv və mental patologiyaya gətirib çıxara biləcək qədər çətin vəziyyətdə yaşayan gənclər var və biz onlara nəzarət etməyə çalışırıq. Təbii ki, hər kəsi əhatə etmək çətindir, onlarla ünsiyyət qurmaq bəzən çətin olur. Belə olan halda biz onların qrup yoldaşlarına onlarla necə davranmaq barədə məsləhətlərimizi veririk.
-UNEC inklüziv təhsilin genişləndirilməsi istiqamətində hansı hədəfləri müəyyənləşdirib?
-Hədəflərimiz, təbii ki, böyükdür. Əgər biz QS reytinqdə irəli addımlayırıqsa, onun parametrlərindən biri də elə inklüzivliklə bağlıdır. Bu baxımdan da fəaliyyətimizi daha da inkişaf etdirəcəyik. Bununla bağlı, istər sosial, istər ali təhsil layihələri, beynəlxalq mübadilə proqramları olsun – bütün bunların çərçivəsində tələbələrimizə dəstək göstərməyimizi daha da genişləndirəcəyik. Qeyd etmək istəyirəm ki, bizdə əlilliyi olan tələbələr “Erasmus+” proqramı çərçivəsində xarici ölkədə təhsil alırdılar. Belə hallar onlarda özünəinamı və dünyagörüşünü artırır.
UNEC İnklüziv Təhsil Mərkəzi olaraq bir neçə qurumla əməkdaşlıq memorandumu imzalanıb. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Sosial Xidmətlər Agentliyi, MİDİB İB, Loqos PNİM və s.
-UNEC-in inklüziv təhsil sahəsində beynəlxalq əlaqələri barədə məlumat verərdiniz.
-Biz bir çox ölkənin universitetləri ilə əməkdaşlıq edirik. Həmin universitetlərin inklüziv təhsilin təşkilinə dair təcrübələri ilə də tanış oluruq. Bu ilin oktyabrında UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin 10 ili tamam oldu. Həmin yubiley çərçivəsində UNEC-də 2025-ci il “UNEC İnklüziv Təhsil İli” elan olunub. Bu münasibətlə biz oktyabrın 2-3-də “İnklüziv ali təhsil: akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil etdik. Bu konfransda 16 ölkədən mütəxəssislər, peşəkarlar iştirak ediblər. Bu da özlüyündə bir təcrübə mübadiləsidir. Konfransa həm xarici, həm də yerli universitetlərdən məqalələr qəbul olundu. Hazırlanan topluya 42 məqalə daxil edildi. Bu, inklüziv təhsil sahəsində UNEC tərəfindən ayrıca təsis edilən birinci “Məqalələr toplusu”dur. Bu da bir uğurdur.
UNEC İnklüziv Təhsil Mərkəzi müxtəlif konfranslar, seminarlar, vebinarlar keçirir. Müəyyən etdiyimiz 15 istiqamətdə fəaliyyət göstəririk. Bizdə əlilliyi olan istedadlı tələbələr var. Bəziləri məzun olub. Onların şeirlərini, detektiv romanlarını nəşr etdirmişik. İldə bir neçə dəfə satış sərgiləri təşkil edirik, onların əl işlərini, rəsmlərini təqdim edirik. Həmçinin kənardan əlilliyi olan şəxsləri cəlb edirik ki, onlara da bir motivasiya olsun. Təbii ki, bizim strategiyamız daha da inkişaf etmək, respublika səviyyəsində yeni layihələrə imza atmaqdır. Ümidvaram ki, buna nail olacağıq.