A

Azərbaycan müəllimi,  № 19, 2017

Adətdəndir, qonağı çox yaxşı qarşılayırıq ki, bizdən narazı qalmasın. Qonaq da hətta xoş olmayan məqamlar olsa belə, söyləməz, bəzən də lap tərifləyər ki, ev yiyəsi narahat olmasın. Amma bir təbəqə qonaqlar var, onlar bütün gördüklərini düzlü-səhvli söyləməlidirlər. Düzləri daha əla etmək imkanı yaransın, səhvləri düzəltməyə şans olsun deyə. Bu mənada Azərbaycana başqa ölkələrdən gələn elm, təhsil adamlarının fikirləri son dərəcə maraqlıdır. Bugünkü həmsöhbətimiz məhz belə şəxslərdəndir. O, UNEC-də (Azərbaycan Dövlət İqtisad Universiteti) beynəlxalq istisadiyyatdan dərs keçmək üçün Azərbaycana gələn, əslən türk olsa da, amerikalı professordur. Beləliklə, Amerika Birləşmiş Ştatlarının Cənubi Nyu-Hempşir Universitetinin professoru Bülent Aybar bizimlə bir semestrlik təəssüratlarını bölüşür.

  • Azərbaycanda xarici qonaqları görmək son dərəcə maraqlı gəlir. Bu həm də ölkədə dərs deməyə gələn elm adamıdırsa, bizə ikiqat maraqlıdır. O üzdən lap əvvəldən başlayın, Azərbaycana necə gəldiniz?
  • - Amerikada xarici ölkələrdə dərs keçməyə getmək üçün bir proqram var. Bu, yüksək peşəkarlıq standartlarına uyğun olan adamların xaricdə dərs deməsi layihəsidir. Amma hər mütəxəssisin faydalana biləcəyi proqram deyil. O adamlara imkan verilir ki, yüksək elmi göstəriciləri var. Mən layihəni qazandım və ölkə seçimi mərhələsində Azərbaycanı seçdim.

- Siz türk mənşəli amerikalısınız. Yəni, rəsmən ABŞ vətəndaşısınız. Amma yenə də millət olaraq biz yaxınıq. Maraqlı məsələnin digər tərəfidir. Yəni türk əsilli amerikalı pedaqoqun Azərbaycan marağından danışın bizə...- Birinci səbəb bu ölkədə heç zaman olmamağımdır. Rəsmi olaraq Amerika vətəndaşı olsam da, Azərbaycan mənə ruhən yaxın ölkədir. Əslən türkəm, mənə çox maraqlı idi daha bir türk məmləkətini görmək. Azərbaycan siyasi və coğrafi mövqeyi baxımından da bölgənin diqqətçəkən ölkəsidir. Bu da diqqətimi çəkən ikinci səbəbdir. Belə bir ölkənin təkcə ənənəsi, tarixi, coğrafi mövqeyi deyil, həm də insanları maraqlı olur. Yəni, bir neçə məsələyə maraq məni bura gətirdi.

  • Bir də peşəkar maraqlar olmalıdır yəqin...
  • - İxtisasım beynəlxalq iqtisadiyyatdır. Bu həm də o deməkdir ki, sistem və iqtisadi quruluş baxımından yeni dəyişən ölkələr maraq dairəmdədir. Yəni, bu tip ölkələrin iqtisadi inkişafını araşdırmaq da mənə maraqlıdır. Sizin ölkədəki iqtisadi dəyişiklik sıradan hadisə deyil. Sizdə həm dövlət quruluşu dəyişimi, həm də iqtisadi dəyişim eyni anda başlayıb. Bu, az rast gəlinən iqtisadi-siyasi hadisədir. Siz kommunizmdən kapitalizmə keçid edən ölkəsiniz. Yəni, bu iki sistemin iqtisadi məsələlərə münasibəti tam fərqlidir. Elə bilin ki, iki fərqli dünyagörüşlü, həyat tərzli adam kimi. O üzdən bir sistemdən digərinə keçid mərhələsində olan ölkə kimi də maraq dairəmdə oldu Azərbaycan.
  • Bülənt bəy, eşitdiklərinizlə reallıqda gördükləriniz arasında fərq oldumu? Varsa, nədə görürsünüz bunu?
  • - Məni Amerikadan bura gətirən proqram bizə paralel olaraq bölgə ilə bağlı ətraflı məlumatlar verir. Təbii ki, layihəni qazanıb, ölkəni seçdikdən sonra. Buna paralel mən əvvəllər bura gəlmiş başqa həmkarlarla da danışıb görüşdüm. Onlar mənə buradakı mühitlə bağlı əlavə məlumatlar verdilər. Burda nə ola bilər, ölkənizdə nələr gözləyə bilərəm, insanları necədir, yəni bütün bunları təxmin edə biləcək qədər məlumatlarım var idi. Əlavə öyrəndiklərim bildiklərimi bir qədər də zənginləşdirdi. Sizə deyim ki, Azərbaycan haqqında müxtəlif kitablardan da məlumatlar oxudum. Ölkənin tarixinə, ədəbiyyatına, mədəniyyətinə dair maraqlı məlumatlar əldə etdim. Yəni demək istəyirəm ki, gələndə sizi tanımaq baxımından xeyli məlumatlı idim. Çünki getdiyin yeri tanımamaq insana orda yaşaya bilməkdə mütləq əngəl törədər. Getdiyin yeri tanımağa borclusan.
  • Amma yenə də bu, “gördüklərinizlə oxuyub bildikləriniz üst-üstə düşdümü” sualına cavab olmadı. O üzdən bir az başa qayıtmalı olacağıq deyəsən...
  • - Aşağı-yuxarı təxminən eyni şeylər oldu. Məni çox yaxşı qarşıladılar. İndi də əladır hər şey. Düzünü deyim sizə, burda çox rahatam.
  • - İnsanlarla ünsiyyət necə, alınırmı?- Həm də çox yaxşı alınır. Burda sizinlə həm də dil yaxınlığımız, eyniliyimiz var. Bu mənə çox rahatlıq gətirir. Ayrıca UNEC rəhbərliyi də bu şəraitin daha yaxşı olması üçün bütün imkanları yaradıb. Sizdə qəribə bir adət var. Qonaq gələn adama xüsusi diqqət olur. Bu, bir-iki adam yox, az qala hamı tərəfindən adət olunmuş vərdişdir. Əslində, çox yaxşıdır, fərqlidir.
  • Bəs tələbələrimiz necə, qane eləyirmi? Həm hazırlıq səviyyələrini, həm də dünyagörüşlərini nəzərdə tuturam. Bir amerikalı tələbə ilə bir azərbaycanlı tələbə arasındakı fərq nədir? Hər iki auditoriya ilə tanışlığı olan pedaqoqdan bunu eşitmək çox maraqlıdır.- Mənə burdakı tələbələrə dərs keçmək çox böyük həzz almaq deməkdir. Niyəsin yəqin ki, soruşacaqsınız. Qoyun elə özüm deyim. Mənim ixtisasım beynəlxalq iqtisadiyyatdır. Bu fənn üzrə UNEC-də seçilən tələbələrə dərs keçirəm. Onlar xüsusi qrup olduqları üçün ingilis dilləri də yüksək səviyyədədir. O üzdən demək olar, tələbələrlə ünsiyyətimiz iki dildədir. İngilis və türk dillində. Yəni, o qədər rahat ünsiyyət qururuq, bunu bəlkə mənzərə olaraq görmək daha çox şey deyə bilər sizə. Çox ağıllı və savadlı uşaqlar var. Universitet tələbəsi səviyyəsində bildikləri bir çox şey var ki, bu, düzünü deyim, bəzən heyrətimə səbəb olur. Yəni, amerikalı tələbə belə deyil. Bu, azərbaycanlı tələbənin amerikalıdan üstün tərəfidir. Bir də çox çalışqandırlar. Məsələn, mən Amerikada iki dərsdə izah etdiyim mövzunu, burda bir dərsdə izah edirəm. İzah etmək bir yana, burda həm də tələbə izahını verdiyimi mənə növbəti dərs çox asan və rahat qavrayıb geri qaytara bilir. Bu da yenə amerikalı gəncdən bir pillə üstünlükdür. Sizdə tələbələrdə hiss etdiyim və onları bir az məhdudlaşdıran dünyagörüşü, daha qapalı demək olmaz, amma çərçivəli mühitdə böyümələridir. Yəni, bu onları yaşlarından daha kiçik göstərir. Amerikalı tələbə bu mənada daha yetişkindir.
  • - Azərbaycanda bunu bir az ailə qaydaları, standartları, bir az da orta məktəblərdə təhsil sisteminin yüklü olması ilə əlaqələndirirlər. Sizin ehtimal və müşahidələriniz varmı bununla bağlı?
  • - Sizin orta məktəblərdəki tədris proqramı ilə tam tanış deyiləm. O üzdən mən o sistemin verdiyi nəticəyə əsaslanıb danışa bilərəm. Yəni o sistemin ali məktəblərə verdiyi uşaqlarda gördüyümü deyə bilərəm. Əminəm ki, sistem o qədər yüklü və gərgin olmasa, nəticə bu qədər effektli və yaxşı ola bilməz. Yəni, o yük ali məktəb səviyyəsində nəticələri əla edə bilir. Amma uşaqları bəzi məsələlərdə geri salır. Bunu bayaq söylədim, olğunluq və müstəqilliklə bağlı problemləri deyirəm. Düşünürəm ki, sizin təhsil sistemi üzrə mütəxəssisləriniz mütləq bu məqamı nəzərə alacaqlar gələcəkdə. Yəqin ki, bunu evdə valideynlər də diqqətdə saxlamalıdırlar. Auditoriyalarda son dərəcə istedadlı dediyim uşaqların asudə vaxt problemi olmadan, üstəgəl, daha yetkin şəxs kimi əyləşməsi böyük nəticədir. O cür kadrları hazırlayandan sonra istənilən müsbət nəticəni qazanmaq olar. Müşahidələrimdən anladığım bir şey var. Tələbələrin günlük qrafiki təxminən belədir: ev-dərs, dərs-ev. Bu bir qədər gərginlik yaradır. Bir amerikalı tələbə əsla belə qəlibə oturmaz, bu rejimdə oxumaz və çalışmaz. Ayrıca düşünürəm ki, bunu sizin də mütəxəssislər araşdırmamış deyil.
  • - Bu ev-dərs, dərs-ev dediyiniz rejimdə olan tələbələrinizlə bağlı daha hansı təəssüratlarınız var?
  • Dünyagörüşləri, bir də davranışlarında hiss etdiyim məqamlar var. Türklər ifadə etdiyi kimi, yaşlarından çox sadəlövhdürlər. Bu, indilik bəlkə də çox gözəldir. Ancaq gələcəkdə həyatın reallıqları ilə üz-üzə olanda problemlər yarada bilən məqamdır. Mən valideynlərə övladlarına müstəqillik vermələrini arzu edərdim. İstedadlı tələbə bir də dünyagörüşü və müstəqillik baxımından zənginləşə bilsə, çox gözəl və bəlkə də ağla gəlməyəcək yaxşı nəticələr ola bilər. Bir daha təkrarlayıram, son dərəcə ağıllı, istedadlı tələbələri var ölkənizin.
  • - Bir də okeanın o tayından gələn professoru ailə olaraq tanımaq maraqlı gəlir. Ailəniz də sizinlə bərabər Azərbaycanda yaşayır?
  • - Bir müddət əvvəl gəldilər yanıma. Yəni məni ziyarətə gəldilər. Onlar Amerikada yaşayır. Bəlkə məndən soruşası olsaydınız ki, Bakıdan başqa Azərbaycanın harasında olmuşam, buna xeyli qabaq cavab verə bilməzdim. Ailəmin gəlişi bu məsələdə mənə bir yol açdı. Ailəmlə Şamaxı, İsmayıllı, Qəbələ, Şəkini gəzdim. Quba, Zaqatala, Qax tərəfə gedə bilmədik düzü, amma bunu da arzulayıram. Bir də Gəncədə oldum. Deyim ki, bölgələrinizi daha çox bəyəndim.İki övladım var. Oğlum 15 yaşındadır. Bura gələn də o idi. Bir də 22 yaşlı bir qızım var. O, Amerikada çalışır. Xanımım əslən amerikalıdır. 1988-ci ildən Amerikada yaşayıram. Övladlarım Amerikada dünyaya gəlib, orada böyüyüblər.
  • - Tez-tezmi gedirsiniz Türkiyəyə?- Bəli, tez-tez gedib-gəlirəm. Atam dünyasını dəyişib. Anam həyatdadır, yaxınlarım var. Bu üzdən tez-tez gedib-gəlirəm.- Türkiyə, Azərbaycan, Amerika. Bir də haradasa daimi və rahat yaşamaq məsələsi var. Sizcə hansı daimi yaşayış üçün daha əlverişlidir?
  • - Amerikada yaşamaq asandır. İnsan rifahı üçün hər şey var. İş görmək çox rahatdır. Yəni hər cür şəraitim var. Evdən işimə, işimdən evimə rahat gedib-gələ bilirəm. Həyatda heç bir maneəm yoxdur. Amerikada mənə görə həyat daha az streslidir. Xanımımla birgə 1993-cü ildən 1995-ci ilə qədər İstanbulda yaşadım. Orda həyat ona çox stresli gəldi. İstanbuldakı həyata heç cür alışa bilmədi. İstanbul böyük şəhərdir. Böyük şəhərlərdə yaşamaq çətindir. İstanbul tıxaclarından tutmuş, digər məsələlərdə də yaşanması üçün çox çətin şəhərdir. Nəsə eləmək istəyirsənsə, daha çox zaman lazım gəlir adama. Heç nə asan deyil. Yəni, insanın həyatı stresli keçir İstanbulda. Bəlkə də fikir vermisiniz, stresli şəhərlərin insanları da qəribə olur. Yəni, onlar gün ərzində o qədər stress yaşayırlar ki, bir-biriylə ünsiyyətdə də sərtlik hiss olunur. Sizdə, Azərbaycanda isə bu yoxdur. İnsanların sərtliyini nəzərdə tuturam. Nə qədər yorğun, işləri çox olsa da, ünsiyyətdə gülərüzdürlər. Mən İstanbulda gördüyüm stresi nə Amerika, nə də Bakıdakı adamlarda görürəm.Bir məqam da var. Amerikada işini peşəkarlıqla görmək üçün bütün dəstəyi alırsan. Bu, insanın özünü və peşəsini inkişaf etdirməsi üçün son dərəcə vacib məqamdır. Deyim ki, bu üstünlük bir çox yerdə yoxdur. Amma gərək ola. Çünki yaxşı iş görüb, yaxşı nəticə əldə eləmək istəyiriksə, mütləq yaxşı da şərait yaratmağı bacarmalıyıq. İnkişafa gedən yeganə yol daha yaxşı şərait yaradılmasından keçir.
  • - Beynəlxalq istisadiyyat kimi mühüm fənni tədris edirsiniz. Kadr baxımında bu, Azərbaycan dövləti üçün də vacib məsələdir. Yəni keçid ölkəsi olaraq beynəlxalq iqtisadiyyatı dərindən bilən mütəxəssislərə ehtiyacımız var. Tələbələrinizi müşahidə imkanı sizə bu peşənin perspektivinə dair ali təhsil müəssisələrində, konkret UNEC-də vəziyyəti dəyərləndirmək, proqnozlaşdırmaq imkanı verib. Necədir vəziyyət? Bizim beynəlxalq iqtisadiyyatı bilən kadrları yetişdirmək imkanlarımız hansı səviyyədədir?
  • - Bu, qəti qərarımdır, sizdə ağıllı, istedadlı və bacarıqlı gənclər hədsiz çoxdur. Qalır onları istiqamətləndirmək məsələsi ki, bu da xeyli maliyyəyə bağlı olan işdir. Sizdə ən müxtəlif sahələrdə böyük insan kapitalı var. Sadəcə, o kapitalı düzgün istifadə etmək lazımdır. İstifadə metodu düzgün seçilsə, qısa zamanda əlanın da üstündə olan nəticələr qazanılar. Yəni, bu prosesi sürətləndirmək üçün yaxşı bir sistem qurub, onu qısa vaxt ərzində işə salmaq lazımdır. Azərbaycandakı insan kapitalı düzgün istifadə edilsə, dünya səviyyəli kadrlar yetişdirmək mümkündür. İnanıram ki, sizdə bunu edə biləcək qaynaqlar var və edə biləcəklər. Mən mayda semestri bitirib geri dönürəm. Burdakı gəncliyin gələcəyindən çox əmin ayrılıram. İnanıram ki, dövlətiniz bu istiqamətdə xeyli iş görəcək. Mənimlə bağlı dəvət, işlər olarsa, yenə də gələ bilərəm. UNEC-lə daimi iş birliyindən məmnun olardım.
  • Jalə Mütəllimova, Azərbaycan müəllimi

TOP XƏBƏRLƏR