×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

525-ci qəzet

Regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəhbərliyi tərəfindən imtahanların şəffaf və obyektiv keçirilməsi üçün ardıcıl və planlı iş aparılır. İndiyədək bu istiqamətdə bir sıra mühüm addımlar atılıb.

Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. Şəffaflığı və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in “Qaynar xətt”i 1846 müraciət və sorğuları operativ qəbul edir. Hər il olduğu kimi, bu il də UNEC-in “Qaynar xətt” xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. “Qaynar xətt”ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır. Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri “Açıq qapı” keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyir. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparır.

Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılan imtahan komissiyaları tərəfindən tələbələrin müraciətlərini qəbul edilir. Komissiyalar sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edərək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atır.

Tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb. İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir. Tələbələr həmçinin, tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə 22.00-dək fəaliyyət göstərən Oxu zallarından istifadə edə bilirlər.

UNEC-in əsas hədəfi savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdirməkdir. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək universitetin iş prinsipidir.

Qış imtahan sessiyasının şəffaf və obyektiv təşkili, keçirilməsi istiqamətində UNEC-də həyata keçirilən tədbirlər barədə tələbələrin fikir və rəylərini öyrənmək məqsədi ilə universitetin tələbələri arasında sorğu keçirdik. Nəticə isə kifayət qədər ürəkaçandır. Sorğuya cəlb olunan 200-dən artıq 1 və 4-cü kurs tələbəsi imtahan sessiyasının təşkili və keçirilməsi, nəticələrin düzgün qiymətləndirilməsi barədə müsbət fikirlər söylədilər. Tələbələr vurğuladılar ki, rektor, professor Ədalət Muradov imtahanların obyektiv və qüsursuz keçirilməsi üçün səylərini durmadan davam etdirir. Obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işlər isə tələbələr tərəfindən yüksək qiymətləndirilir. Prosesin obyektiv və şəffaf keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır, biliklərinə düzgün qiymət verildiyi üçün də onlar imtahanlara həvəslə hazırlaşırlar. Tələbələr semestr imtahanlarında nizam-intizamın, şəffaflığın təmin edildiyini, imtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmadığını vurğulayıblar. Onların sözlərinə görə, tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda nəzarətçi qismində iştirak edən hər bir müəllim, tyutor və digər məsul şəxslər tələbələrə kənar müdaxilə etmir, yalnız öz vəzifələrini yerinə yetirirlər. Oxuyan, il boyu hazırlaşan, nizam-intizamlı tələbələr stress, həyəcan, sıxıntı keçirmədən rahat şəkildə imtahana gəlir və sualları cavablandırır, qiymətlərini alırlar. Heç bir kənar müdaxilə və ya hər hansı bir xoşagəlməz halla qarşılaşmadan.

İmtahan prosesi zamanı tələbə ədalətsizliklə üzləşərsə, haqqı tapdalanarsa, semestr imtahanları dövründə hər həftənin şənbə günü keçirilən “Açıq qapı”ya, birbaşa rektor Ədalət Muradova müraciət edir. Tələbələr sərbəst şəkildə, çəkinmədən imtahan sessiyasında üzləşdikləri çətinliklər barədə rektora məlumat verirlər. Müraciətləri diqqətlə dinləyən rektor məsələlərin araşdırılması və nəticə haqda tələbəyə məlumat veriləcəyi barədə tapşırıqlar verir. Hər bir tələbənin müraciəti ayrı-ayrılıqda obyektiv araşdırılır. Əgər tələbə haqlıdırsa, məsələ onun xeyrinə həll olunur. Rektor haqlı olan tələbənin tərəfindədir. Tələbələrin dediyinə görə, UNEC rektoru, professor Ədalət Muradovla tələbələr arasında səmimi münasibət mövcuddur. Onlar rektorlarından qorxmurlar, hörmət edir, sevirlər.

UNEC-in 4-cü kurs tələbəsi Gülcan İsmayılzadə bildirib ki, o, təhsil aldığı bu 4 il ərzində yüksək səviyyədə təşkil olunan imtahanlarda tələbələrə biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün bütün imkanlar yaradılıb. Onun sözlərinə görə, istər biliyinin qiymətləndirilməsi, istərsə də obyektivlik baxımından bugünədək heç bir problemlə üzləşməyib: “İmtahanlar zamanı təqdim edilən suallar il ərzində keçdiklərimizi tam əhatə edir. Bütün suallar keçilmiş mövzulara və proqrama uyğun tərtib olunur. İmtahanların yazılı olması isə fikirlərimizi geniş ifadə etməyə şərait yaradır. İmtahan suallarına düzgün cavab yazan tələbə qiymətini də alır. Heç bir tələbə deyə bilməz ki, mən bütün suallara cavab yazmışam, amma qiymət almamışam”.

Tələbə Nuranə Musayevanın sözlərinə görə, imtahanların şəffaf keçirilməsi onu bir tələbə kimi qane edir: “Universitetdə bu gün keçirilən bütün imtahanlar zamanı şəffaflıq təmin olunur. Tələbə rahat gəlib imtahan verir. Semestr boyu öyrəndiklərini imtahan zamanı nümayiş etdirən tələbənin biliyi də düzgün, ədalətli qiymətləndirilir”.

Tələbə Fatimə Məmmədyarova bildirib ki, qış imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə bütün işlər görülür: “İmtahanlar zamanı bu, açıq, aydın hiss olunur. İstər yazılı, istərsə də şifahi imtahanlar doğurdan çox şəffaf keçirilir. Nəzarətçilər tələbələrə müdaxilə etmir, kənarda dayanıb prosesi izləyir. İmtahanlara yaxşı hazırlaş, gəl suallara cavab ver, qiymət al. Mən bugünədək verdiyim bütün imtahanlardan qiymət almışam. Qiymətlərimdən də razıyam. Suallara necə cavab vermişəmsə, qiyməti də ona uyğun almışam”.

Tələbə Firdovsi Heydərli deyir ki, UNEC-də əsas fəaliyyət tələbə biliyinin obyektiv qiymətləndirilməsinə yönəlib.

Tələbə Aynur Nizamova vurğulayıb ki, ümumilikdə qış imtahan sessiyasının təşkili və keçirilməsi onu bir tələbə kimi qane edir. Semestr ərzində oxuduğu üçün imtahan prosesinin ona ağır gəlmədiyini deyən tələbə suallara rahatlıqla cavab yazdığını qeyd edib.

Tələbə Şəms Abbasovanın söylədiyinə görə, hər il imtahan sessiyasının təşkili keyfiyyətini artırmaq məqsədilə mühüm işlər görülür: “Mən bir tələbə olaraq universitetin tədris sistemindən, müəllimlərdən çox razıyam. Burada tələbəyə imkan yaradılır ki, təhsil alsın, bilgilənsin, ixtisası üzrə peşəkar kimi yetişsin. İldən ilə təkmilləşdirilən, şəffaf şəkildə həyata keçirilən imtahan prosesi biz tələbələrə imkan verir ki, öyrəndiklərimizi nümayiş etdirək. Biliyin qiymətləndirilməsində düzgünlüyün olması isə tələbələri ruhlandırır”.  

Tələbə Zərifə Məmmədova deyir ki, rektor Ədalət Muradovun rəhbərliyi altında UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir.

Tələbə Rövşən Poladzadə bildirib ki,  universitetdə son illərdə həm təhsilin idarə olunmasında, həm təhsilin keyfiyyətinin yüksəldilməsi, semestr imtahanlarının təşkili və sair istiqamətlərdə mühüm yeniliklər edilib. Tələbələr də  UNEC-də tətbiq edilən islahatları yüksək qiymətləndirirlər. Yenilənən, günü-gündən inkişaf edən UNEC-də oxumaq hər bir tələbə üçün böyük fəxrdi.

Tələbə Gülər İbrahimova universitetdə imtahanların lazımi səviyyədə təşkil olunduğunu, imtahanlarda iştirak edən tələbələrə rahat şəraitin yaradıldığını bildirib: “İmtahanlar rahat, sakit keçir. Buna görə də tələbələr imtahan suallarını sərbəst cavablandırırlar. Həyəcan, qorxu yoxdu. Suallar bütünlüklə keçdiyimiz mövzuları əhatə edir. Ümumilikdə imtahanların keçirilməsi və qiymətləndirmədən razıyam. Ətrafımda narazı olan tələbə də görməmişəm”. 

Tələbə İlqar Sofiyev qeyd edib ki, qış imtahan sessiyası dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi görülən bütün işlər göz önündədir. Bunu bütün tələbələr görür və bilir: “Məqsədi, amalı oxumaq, təhsil almaq olam biz tələbələrə yaratdığı bu şəraitə görə rəhbərliyə təşəkkürümü bildirirəm”.

Tələbə Nübar Həbibovanın dediyinə görə, imtahan sessiyası zamanı imtahanın keçirilməsinin şəffaflığını göstərmək, bütün kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və valideynlərin imtahan prosesini izləmələri üçün şərait yaradılıb: “Hər bir valideyn övladının imtahanını izləyə bilər. Bu, bir daha onu göstərir ki, UNEC-də imtahanlar şəffaf və obyektiv keçirilir. İmtahanlara hazırlaşmaq üçün də tələbələrə bütün imkanlar yaradılıb.

İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir. Kitabxanamızda bütün lazımi vəsaitlər var. Tələbələr həmçinin, tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə 22.00-dək fəaliyyət göstərən Oxu zallarından istifadə edə bilirlər. Bu da imtahanlara hazırlaşan tələbələrin işini daha da asanlaşdırır”,

Tələbə Əbilzadə Özbək bildirib ki,bugünə kimi iştirak etdiyi imtahanlarda heç bir neqativ halla qarşılaşmayıb: “İmtahanlar doğurdan çox şəffaf keçirilir. Bunu mənim bütün qrup yoldaşlarım təsdiqləyə bilər. İmtahan nəticələrinin qiymətləndirilməsi zananı da şəffaflıq təmin olunur”.

S.QARAYEVA

TOP XƏBƏRLƏR