"Mənə görə, beynəlxalq yarışlarda iştirak edəndə, ilk və ən əsas motivasiya Azərbaycan adını doğrultmaqdır.
Hər şeydən əvvəl Azərbaycan gəncliyinin gücünü dünyaya isbat etdiyim üçün sevincliyəm” - bu sözləri bizimlə söhbətində ACCA-nın (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosasiyası) Financial Reporting (maliyyə hesabatı) imtahanında bütün dünya üzrə ən yüksək nəticəni əldə edərək, Global Prizewinner (Qlobal mükafatçı) kimi ACCA-nın pul mükafatına layiq görülən gənc tələbəmiz Nizgan Cəbiyeva söylədi.
Bildirək ki, Nizgan Cəbiyeva 2001-ci ildə Rusiya Federasiyasının Norilsk şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində 283 nömrəli orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra o, 664 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin mühasibat uçotu və audit ixtisasına qəbul olunub.
Hazırda ikinci kurs tələbəsi olan gənc müsahibim deyir ki, maliyyə sahəsinə marağı ACCA sertifikatlarını almağa qərar verməklə başlayıb: "ACCA maliyyə-mühasibat sahəsində ixtisaslı mütəxəssislərin birliyidir. Bu mütəxəssislər tərəfindən beynəlxalq maliyyə standartları əsasında tərtib olunan imtahanlar var. Karyerasını bu istiqamətdə davam etdirənlər üçün həmin imtahanları verib, sertifikat əldə etmək çox vacibdir. Yəni qısaca desəm, bu imtahanlarda iştirak etmək maliyyə sahəsində öz bilik və bacarıqlarımı artırmaqda əvəzsiz rol oynayır. Çünki bu çox prestijli qurumdur. Mən özüm maliyyə hesabatı imtahanında iştirak edərək 96 faiz nəticə əldə etdim. Bu isə, həmin sahə üzrə zəruri bilik və bacarıqlara yiyələnməyimi göstərir”.
Bu yola başlamaq qərarına gəldim
Daha əvvəl də maliyyə üzrə yarışmalarda iştirak etdiyini deyən gənc müsahibim bildirir ki, məqsədi öz sahəsi üzrə daha ciddi nailiyyətlər qazanmaqdır: "Bundan öncə komanda şəklində bir neçə maliyyə əsaslı yarışmalarda iştirak etmişəm. BFB-nin "Gənc İnvestorlar” və İrəli İctimai Birliyinin "Strateji Menecmentlik Məktəbi” layihələrində komanda şəklində iştirak edərək müvafiq olaraq 4 və 2-ci yerləri tutmuşuq. Şəxsi olaraq isə 1-ci kursu bitirər-bitirməz, yay aylarını səmərəli keçirmək məqsədilə bu imtahanlara qatılmaq qərarına gəldim. İlk olaraq ACCA-nin dünyada tanınan və böyük iş imkanları yaradan sertifikatlarını əldə edərək bu yola başladım. Onu da qeyd edim ki, bu yolda mənə hazırlaşdığım kurs – "İMZA Group” çox kömək oldu. "İMZA Group” özü "ACCA Gold Approved Learning Partner” adına sahibdir, ACCA imtahanlarına hazırlaşmaq üçün ACCA təsdiqli müəssisədir. İlk imtahanım Financial Accounting (Maliyyə uçotu) oldu və burada 96% nəticə əldə etdim”.
İmtahan 3 hissədən ibarət olur
Yüksək nəticə onu daha da həvəsləndirib: "Bu nəticədən sonra yoluma yenə "İMZA Group”da davam edərək Maliyyə hesabatı imtahanına hazırlaşıb mart ayında yenidən imtahanda iştirak etdim. Bu imtahan öncəkindən bir qədər fərqli təşkil olunmuşdu. Belə ki, bu yarış ACCA tərəfindən ildə dörd dəfə keçirilir və yarışmada dünyanın müxtəlif ölkələrindən, müxtəlif yaş qruplarından şəxslər iştirak edirdi. Həmin sessiyada mən bütün dünya üzrə FR imtahanında ən yüksək nəticəni əldə edərək Global Prizewinner olaraq ACCA-nin pul mükafatına layiq görüldüm. Yarışmaya gəlincə isə, bu imtahan 3 hissədən ibarət olur. İlkin mərhələdə müxtəlif mövzulardan sillabus üzrə seçilmiş 2 ballıq 15 sual verilir. 2-ci hissədə 3 senari əsasında verilən 15 sual olur və hər sual 2 balla qiymətləndirilir. Nəhayət, 3-cü hissədə yarışmaçılara 2 tapşırıq verilir. Mən də ümumi olaraq 100 baldan 97 bal yığaraq dünya birincisi oldum”.
Həyəcanlı olmasaydım, daha yaxşı nəticə əldə edə bilərdim
Nizgan deyir ki, uğur qazanmağın yeganə yolu çox çalışmaqdan və zəhmətdən keçir: "Qalib olmaq üçün çox çalışdım. Bununla yanaşı, şansım da mənə kömək oldu. Şanslı idim ki, müəllimim Simnar Paşazadə idi. Onun da dəstəyi ilə FR sillabusunu əhatə edən beynəlxalq standartları yaxşı mənimsədim. Verilən tapşırıq və testləri vaxtında işlədim. Müəllimim imtahan hazırlığında keyfiyyətli oxumağın sirlərini və texnikalarını dərindən izah etdi. Mənə qalan, sadəcə imtahana məsuliyyətli yanaşmaq oldu. Sevinirəm ki, çəkdiyim zəhmət boşa getmədi və qalib oldum. Müəllimlərimin və valideynlərimin mənə olan inamını doğrultmağı çox istəyirdim. Çünki həmişə ailəmin, dostlarımın və müəllimlərimin mənə böyük dəstəyi olub. Düşünürəm ki, bu, bir insanın uğur qazanması üçün üçün ən vacib məqamdır”.
Deyir ki, yarışmada dünyanın 100-dən çox ölkəsindən müxtəlif yaş qrupundan olan rəqiblərlə mübarizə aparıb: "Bəziləri hətta kifayət qədər bu sahədə təcrübəli şəxslər idilər. Amma belə bir fakt var ki, adətən çalışan şəxslər üçün vaxt məsələsi ilə bağlı yüksək bal yığmaq çətin olur. Mən mübarizəni özümlə aparırdım. Həyəcanlı olmasaydım, daha yaxşı nəticə əldə edəcəyimi düşünürəm”.
Ən əsas motivasiya Azərbaycanın adını doğrultmaqdır
Nizgan deyir ki, ən böyük motivasiyası daha çox uğur qazanmaqdır. Elə bu istiqamətdə də davam edəcəyini söyləyir: "Mənə görə, beynəlxalq yarışlarda iştirak edəndə, ilk və ən əsas motivasiya Azərbaycan adını doğrultmaqdır. Hər şeydən əvvəl Azərbaycan gəncliyinin gücünü dünyaya isbat etdiyim üçün sevincliyəm. Əslində, bunu xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycandan daha bir neçə gənc mart sessiyasında bu imtahandan 90+ nəticə əldə edib. Düşünürəm ki, təkcə mən yox, o tələbələr də Azərbaycan gəncliyinin bu sahədəki savadını, çalışqanlığını bir daha sübut edir. Məncə, uğur qazanmaq insanın ən böyük motivasiyası olmalıdır. Mən rəqabəti sevirəm və bu məni önə aparan cəhətlərimdəndir. Düşünürəm ki, uğura aparan sirlərdən biri də məhz budur”.
Bakalavr təhsilini başa qurduqdan sonra ölkə xaricində magistr oxumaq niyyəti var: "Yenidən ölkəyə qayıdaraq maliyyə və mühasibat sahəsində layiqli mütəxəssis olmaq istəyirəm. Ölkəmə xeyir verməyi həmişə üstün tuturam. Hələlik magistr təhsili üçün konkret ölkə seçməmişəm. Çünki bu barədə heç bir araşdırma aparmamışam. Arzularıma daha uyğun universitet seçmək istəyirəm. Məncə, hələ bu barədə düşünmək üçün bir qədər tezdir. Yəqin ki, gələn ildən araşdırmalara başlayacam. Məqsədim maliyyə üzrə yaxşı təhsil verən prestijli universitetdə təhsilimi davam etdirməkdir. Seçimim ölkəyə görə deyil, universitetə görə olacaq”.
Nizgan mükafatını karyera və təhsilinə xərcləyəcəyini deyir: "ACCA yolu uzundur və müəyyən maddi tələbləri var. İlk növbədə imtahanlarda iştirak ödənişlidir. Həmçinin imtahana hazırlaşmaq üçün kursa getməliyəm. Bundan başqa, ACCA hesabımızın açıq olması üçün hər il müəyyən məbləğ ödəməliyik. Yəni bu yolda davam etmək maddi vəsait tələb edir. Ona görə də bu pulu sırf karyerama və təhsilimə xərcləyəcəm”.
Mahiyyəti dərk etmək lazımdır
Nizgan bu istiqamətdə davam etmək istəyən gənclərə öz tövsiyəsini də verdi: "ACCA uzun bir yoldur. Hər şeydən əvvəl bu yola başlayanlar bu məqamı nəzərə almalıdır. Onu da deyim ki, bu gün ən çox tələb olunan sertifikatlar maliyyə uçotu və maliyyə hesabatı sertifikatlarıdır. Ona görə də bu imtahanların bəziləri yarış səviyyəsində və sessiyalı olaraq keçirilir. Yəni, imtahanlar çox çətin olur. Təkbaşına bu imtahana hazırlaşa bilməyənlər ACCA-nin təsdiq etdiyi və ölkəmizdə fəaliyyət göstərən partnyorlara müraciət etsinlər. Mən özüm də bu qaydada hazırlaşdım. Digər tərəfdən, əgər kimsə imtahanlara özü hazırlaşırsa, keçmiş imtahanlar haqda verilən rəylərə baxmaqda fayda var. Bu imtahanla bağlı assosiasiyanın müəyyən tələbləri var. Mən ACCA-nın saytında əvvəlki imtahanlarla bağlı tələbələrin nəticələrini və rəylərini tapıb araşdırmışdım. Onların əvvəlki imtahanlarla bağlı rəylərini oxumaq sizə çox faydalı ola bilər. Bu sizdə imtahana tam hazır olmağınızla bağlı sağlam düşüncə formalaşdırır. Yəni nələri yazmalı, nələri bilməli olduğunuzu əvvəlcədən öyrənib, araşdırırsınız. Həmçinin bir mövzunu yaxşı başa düşmədən ondan əl çəkmək olmaz. Başa düşmədən oxumaq düzgün deyil. Mahiyyəti dərk etmək lazımdır. Bir mövzunu başa düşmək üçün saatlarla vaxt sərf etmişəm. Yəni qısaca, proqramı bitirmək xətrinə oxumaq lazım deyil”.
Sonda gənc maliyyəçidən hədəfləri haqqında da soruşduq: "ACCA yoluna davam etmək və yenə imtahanlarda iştirak edərək yüksək nəticələrlə ətrafımdakıları sevindirmək istərdim. Bütün müvafiq tələbləri qarşılayıb, ACCA-nın üzvü olmaq və uğurlu karyera qurmaq əsas hədəflərimdir”.
Şəbnəm Mehdizadə