A

"525"-ci qəzet

Oktyabrın  22-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədqiqatçılar üçün erməni dilinin tədrisinə başlanılıb.

Ermənistan İqtisadiyyatını Araşdırma Mərkəzi tərəfindən təşkil olunan təlimlərin (kursun) məqsədi tədqiqatçıların Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etməkdir. Həmçinin, bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, eləcə də analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdır.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynovanın sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun müvafiq əmri ilə UNEC-də 32  Tədqiqat Mərkəzi yaradılıb və yaradılan mərkəzlərdən biri Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzidir: "Qeyd edim ki, UNEC-də "erməni dili" kursunun təşkili barədə təşəbbüs rektor Ədalət Muradov tərəfindən irəli sürüldü. Bizim tərəfimizdən də müvafiq hazırlıqlara başlanıldı. Hazırlıqlar başa çatdıqdan sonra Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi və Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə Tədqiqat Mərkəzlərinin tədqiqatçıları üçün ödənişsiz erməni dilinin tədrisi ilə bağlı dərslərə start verildi. Pandemiya səbəbindən dərslər onlayn formada təşkil olunub. Kurs həftədə iki dəfə olmaqla bir akademik saat müddətində keçirilir".

Rəna Hüseynova bildirib ki, kursun keçirildiyi müddətdə iştirakçılar müəllim tərəfindən hazırlanan test tapşırıqları əsaında aralıq imtahanlar və kursun sonunda yekun imtahan verəcəklər. İmtahanın nəticələrinə uyğun olaraq iştirakçılara sertifikatlar təqdim olunacaq.

Kursu bitirən zaman iştirakçılar mətnləri oxuyub tərcümə etmək, dialoqlar qurmaq kimi bacarıqlara yiyələnəcəklər: "Kursun sonunda tədqiqatçılarımız erməni dilinə yiyələnməklə Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etmək imkanı əldə edəcəklər. Tədqiqatçılarımız, həmçinin, bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı qazanacaqlar. İnanırıq ki, UNEC-də təşkil olunan "Erməni dili" kursları bu sahədə araşdırma aparacaq tədqiqatçılar üçün geniş imkanlar yaradacaqdır. Bir məsələni də vurğulamaq istəyirəm ki, UNEC-in rəsmi saytında kursların başlanılması ilə bağlı məlumat yayımlanandan dərhal sonra həm Azərbaycanın kütləvi informasiya vasitələrində, həm də erməni saytlarında kurs barədə kifayət qədər xəbərlər yayıldı və böyük əks-səda doğurdu. Müxtəlif peşə sahibləri və gənclərimiz tərəfindən kursda iştirak etmək üçün bizə xeyli müraciətlər oldu. Sevindirici haldır ki, saytlarda bu kursun yaradılması ilə bağlı xəbərlərə yazılan şərhlər bir daha sübut edir ki, ölkə  ictimaiyyəti tərəfindən bu təşəbbüs çox müsbət qarşılanıb".

Şöbə müdirinin dediyinə görə, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının baş müəllimi Hüseyn Əsgərov tərəfindən tədris edilən kurslar ilkin mərhələ üçün 6 ay müddətində davam edəcək.

Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi haqda söz açan Rəna Hüseynova qeyd edib ki, Mərkəzə Türkiyənin Erciyes Universitetinin Ermənişünaslıq bölümünün müdiri, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, görkəmli jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Erciyes (Türkiyə, Kayseri) Universitetinin professoru Qafar Mehdiyev rəhbərlik edir. UNEC-də yaradılan tədqiqat mərkəzlərinin fəaliyyətinin təşkili və koordinasiyası Tədqiqat Mərkəzlərinin (TM) işinin əlaqələndirilməsi və təşkili şöbəsi tərəfindən həyata keçirilir: "Universitetdə fəaliyyət göstərən TM üçün başlıca prioritet - müasir tələblər səviyyəsində iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə yeni elmi təfəkkürün və innovasiyalı iqtisadiyyatın formalaşdırılması, fundamental elmi-tədqiqatların aparılması, yüksək ixtisaslı iqtisadçılar tərəfindən öyrənilməsi və tədqiq edilməsidir. Həmçinin, xarici universitetlərin tədqiqat mərkəzləri ilə əməkdaşlığın qurulması və mübadilələrin həyata keçirilməsi, tədqiqatçı potensialını inkişaf etdirmək məqsədilə treninq, seminar, xarici dil və müxtəlif proqramlar üzrə kursların təşkil olunması, xarici universitetlər, tədqiqat mərkəzləri və xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə əlaqələrin qurulması, təcrübənin paylaşılması, xarici tədqiqatçıların mərkəzlərə cəlb olunması, xarici tədqiqat mərkəzləri ilə UNEC TM-nin fəaliyyətinin koordinasiya olunması və regional layihələrə Tədqiqat mərkəzlərinin cəlb olunması işinin təşkili də Mərkəzlərin fəaliyyət istiqamətlərindəndir".

Şöbə müdiri vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və şirkətlərlə əlaqələrin qurulması, əməkdaşlıq tədbirləri çərçivəsində onların maraq dairələrində olan mövzularla bağlı tədqiqatların aparılması Mərkəzlərin əsas iş prinsipidir: "Məlumat üçün bildirim ki, UNEC-in rəsmi saytında bütün tədqiqat mərkəzlərinin veb-səhifələri yaradılıb və şöbə tərəfindən idarə olunur, bütün mərkəzlər və onların fəaliyyəti haqqında ətraflı məlumat yerləşdirilir. Bununla yanaşı, UNEC Tədqiqat Mərkəzlərinin feysbuk sosial şəbəkəsində səhifəsi yaradılıb və Mərkəz tərəfindən həyata keçirilən bütün tədbirlər haqqında ictimaiyyətə məlumatlar çatdırılır. Bununla paralel universitetin inkişaf strategiyasına uyğun olaraq tədqiqat mərkəzlərinin fəaliyyəti haqqında hesabatlar hazırlanır, ildə bir dəfə kitabça formasında çap edilir. Qeyd edim ki, unec.edu.az domeni ilə Tədqiqat Mərkəzinin e-mailləri yaradılıb və mərkəzlərə təqdim olunub. Əsas məqsəd meydana çıxan problemlər ilə bağlı daha innovativ həllərin tapılmasında iştirak etmək, Mərkəzlər tərəfindən aparılan tədqiqatlara gənc tədqiqatçıların və təcrübəçilərin cəlb olunması, yüksək keyfiyyətli tədqiqatların aparılması üçün çevik tədqiqatçılar qrupunun formalaşdırılmasıdır".

Rəna Hüseynovanın sözlərinə əsasən, Tədqiqat Mərkəzləri tərəfindən yerli (dövlət və özəl) və beynəlxalq şirkətlər və ya qurumlarla əməkdaşlığa dair müqavilə, memorandumlar imzalanıb (ümumi mərkəzlərə aiddir): "İki ildən çoxdur fəaliyyət göstərməsinə baxmayaraq və nəzərə alsaq ki, son 2 il pandemiya dövrünə təsadüf edib, Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi öz fəaliyyətinə ara verməyib və bir sıra aktual tədbirlər keçirib. Mərkəz tərəfindən 2019-cu ildə UNEC-də keçirilən "Elm həftəsi" çərçivəsində Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin "Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri" mövzusunda ilk tədbiri təşkil olunub. Müzakirəyə çıxarılan mövzular ətrafında aparılan diskussiyalar və təhlillərin nəticələri 2019-2020-ci tədris ili üzrə UNEC-in elmi fəaliyyəti haqqında AMEA-ya təqdim edilən hesabatda öz əksini tapmış və humanitar-ictimai elmlər sahəsində aparılan tədqiqat işləri arasında ilk sırada yer alıb. Bundan əlavə, 2020-ci ilin noyabr ayında UNEC-də elm və dövlət xadimlərinin, ekspertlərin və xarici qonaqların iştirakı ilə "Qarabağ müzakirələri" çərçivəsində silsilə tədbirlər keçirilib. Mərkəz tərəfindən "Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə" mövsuzunda keçirilən tədbirdə Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi zamanı, eləcə də münaqişə dövründə Azərbaycana dəymiş maddi, iqtisadi zərərlərlə yanaşı, ekoloji və sosial sahələrə, eləcə də insan həyatı və sağlamlığına vurulan zərərlər təhlil olunub. 2021-ci ilin may ayında Mərkəz tərəfindən "Ermənistanın Qarabağda iqtisadi terroru" mövzusunda keçirilən tədbirdə işğal dövründə Ermənistan və xarici ölkələr tərəfindən Azərbaycanın sərvətlərinin talan edilməsi, Azərbaycanın 44 günlük zəfərindən sonra Cənubi Qafqaz bölgəsində siyasi-iqtisadi durum və perspektivlər barədə müzakirələr aparılıb. Mərkəz rəhbəri Türkiyədə yaşayıb fəaliyyət göstərdiyi üçün bir sıra beynəlxalq tədbirlərdə iştirak edir, aparılan tədqiqatların nəticələri ilə bağlı elmi məruzələrlə çıxış edir və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır". 

S.QARAYEVA 

TOP XƏBƏRLƏR