İqlim bir çox təbii amillərin nəticəsində əmələ gəlmişdir. İqlimi yaradan əsas amillərə Günəşdən Yer səthinə gələn istilik, Yer səthinin müxtəlifliyi və hava kütlələrinin xüsusiyyətləri aiddir. Yer səthində istiliyin paylanması Günəş şüalarının düşmə bucağından asılıdır. Tropik enliklərdə Günəş şüalarının düşmə bucağı böyük olduğuna görə Yer səthi daha çox istilik alır. Qütbyanı enliklərdə isə Yer səthi nisbətən az istilik alır. Buna görə də Yer səthinin iqlimi coğrafi enlikdən asılı olaraq dəyişir. İqlimin yaranmasında hava kütlələrinin, yəni troposferin özünəməxsus temperaturu və rütubəti ilə seçilən nəhəng hava hissələrinin rolu böyükdür.
Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişikliyinə qarşı mübarizə inkişafımız üçün prioritetdir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək istiqamətindədir. Bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edilir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30%-ə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycanın quruda və dənizdə mövcud olan külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün əsas imkanlar yaradır. Ölkə yaşıl hidrogen sektoru ilə bağlı planlarını həyata keçirmək üçün fəal surətdə çalışır. Beynəlxalq investorlarla imzalanan əməkdaşlıq müqavilələri yaşıl hidrogen istehsalına töhfə verə bilər. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Qlobal istiləşmə səbəbi ilə ilk dəfə Berlində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı bu il ölkəmizdə təşkil olunacaq. COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Regional İnkişaf İctimai Birliyi (RİİB), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr olunmuş və “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusunda təşkil olunmuşdur. Bu konfransın 2-ci günündə iştirak etdim. “Yaşıl transformasiya və iqlim maliyyələşdirməsi”, “Yaşıl iqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu” mövzusunda müzakirələr oldu. Tullantıların yenidən emal olunması ağacların daha çox kəsilməsinin qarşısını alır. Meşələrin qorunması ekosistemlərin iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini vurğulamaq və onların azalması təhlükəsi barədə xəbərdarlıq etmək üçün qlobal təşəbbüsdür. Meşələr mühüm ekoloji rol oynayır, iqlimi tənzimləyir. Gəlin, Tanrının bizə bəxş etdiyi ətraf mühitimizi, planetimizi qoruyaq və hər tərəfində daha parlaq, daha yaşıl həyata nail olmaq üçün birlikdə çalışaq!
Aytac Mübarizqızı (Babayeva)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qiyabi və Əlavə Təhsil Mərkəzinin Ekologiya ixtisasının tələbəsi