Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin məqaləsi Scopus və Web of Science məlumat bazasına daxil olan International Journal of Social Economics (ISSS 0306-8293) jurnalında nəşr olunub. Jurnalın SCOPUS tərəfindən hesablanan 2019-ci il üçün impakt faktoru (CiteScore) 1.2 -dir və Q2 kateqoriyasında yer alır.
Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Cavid Seyfullalı, Nərmin Səidova, Tural Musayev və Fərzalı Nuhiyevin həmmüəllifi olduqları “İslam toplumunda qadınların işləmək ehtimalına təsir edən faktorlar: Azərbaycan nümunəsində” (Factors affecting women's employment likelihood in a Muslim society: the case of Azerbaijan) mövzusunda tədqiqat işi UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru, “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının baş müəllimi Xətai Alıyevin rəhbərliyi və həmmüəllifliyi ilə yerinə yetirilib.
Məqalədə subay qadınlar (407 nəfər), ailəli qadınlar (398 nəfər) və ailəli kişilərdən (381 nəfər) əldə olunan sorğu məlumatları əsasında xətti və logistik ehtimal modelləri qiymətləndirilib. Əldə olunan nəticələr əsasında qadınların təhsil səviyyəsinin bütün hallarda onların işləmək ehtimalına ciddi dərəcədə müsbət təsir göstərdiyi müəyyən olunub. Tədqiqat işində Azərbaycanda evli qadınların işləyib-işləməməsi ehtimalının həm də həyat yoldaşının təhsil səviyyəsindən və gəlir miqdarından asılı olduğu göstərilib. Tədqiqatın nəticəsinə görə Azərbaycanda qadınların işləməməsi ilə bağlı mühafizəkarlıq meyllərinin daha çox dini deyil, yetərli təhsilə sahib olmamaqdan qaynaqlandığı müəyyən olunub.