Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub.
Səfərdə UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova, Azərbaycan Texnologiya Unversiteti (ATU), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Dövlət Universiteti (MDU), Lənkəran Dövlət Universiteti (LDU) və Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələri öz qurumlarını təmsil ediblər.
Səfərin əsas məqsədi, yerli tərəfdaş universitetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud kurrikulumların təkmilləşdirilməsi, innovativ yönümlü istiqamətləndirilməsidir.
Təcrübə səfərinin ilk günü UNEC və yerli tərəfdaşların nümayəndələri təmsil etdikləri ali təhsil müəssisəsi haqqında Danimarka Texniki Universitetinin REFRESH layihəsi üzrə komandasına məlumat veriblər, eləcə də alternativ enerji sahəsində mövcud proqramların cari vəziyyəti haqqında təqdimatla çıxış ediblər.
5 günlük təcrübə səfəri müddətində DTU-nun REFRESH layihəsi üzrə təlimçiləri Mads Peter Sorensen, Jalal Kazempour, Per Sieverts Nielsen, Martin Brinskov, İvano Eligio Castelli, Henrik Madsen və digərləri iştirakçılara universitetin bərpa olunan enerji mənbələri, bərpa olunan enerji istehsalının proqnozlaşdırılması (külək, günəş, su) və istehlakçı aspektindən uyğunlaşma, dayanıqlı enerji texnologiyaları üzrə mühəndislik ixtisasları üzrə bakalavr və magistratura proqramlarını təqdim ediblər. O cümlədən, dayanıqlı enerji sistemləri, sözügedən istiqamət üzrə fənlərin tədrisi zamanı süni intellektin istifadəsini, bərpa olunan enerji mənbələrini, isitmə sistemlərini təkmilləşdirmək məqsədilə sillabusları təhlil edərək, öz tövsiyələrini veriblər.
Təcrübə səfərinin növbəti günlərində səfər iştirakçılarının tərəfdaş yerli ali təhsil müəssisələrinin proqramının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinə dair vörkşop da keçirilib. Vörkşop çərçivəsində proqram portfolioları, məzmunu və tədris materialları haqqında geniş diskussiya aparılıb.
Təcrübə səfərinin son günündə yerli tərəfdaşlara təlimçilərin təlimi (ToT) keçirilib.
VİDEO