Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu (MoU) çərçivəsində iki universitet arasında akademik əlaqələrin genişləndirilməsi məqsədilə növbəti onlayn görüş keçirilib.
Görüş zamanı tərəflər əməkdaşlığın konkret istiqamətlərini — tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin təşkili, ikili diplom proqramlarının yaradılması, həmçinin tədris və akademik potensialın gücləndirilməsi imkanlarını ətraflı müzakirə ediblər.
UNEC tərəfindən görüşdə universitetin beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Həsənov, Strateji inkişaf şöbəsinin müdiri Bəhlul Əliyev və Xarici əlaqələr şöbəsinin mütəxəssisi Günel Cəlilova iştirak ediblər.
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutu tərəfindən isə görüşə Beynəlxalq əməkdaşlıq üzrə prorektor İsmayıljon Abdulmomunoviç Bulanov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Viktoriya Aleksandrovna Lyamkina qatılıblar.
Görüşün əvvəlində Hüseyn Həsənov UNEC-in rektoru professor Ədalət Muradovun salamlarını qarşı tərəfə çatdırıb, iki ali təhsil müəssisəsi arasında formalaşan tərəfdaşlığın dərinləşdirilməsi və davamlı əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.
Tərəflər gündəlikdə olan məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparıblar, konkret təkliflər və növbəti addımlar müzakirə olunub.
Görüşün sonunda İsmayıljon Bulanov səmərəli və konstruktiv müzakirələr üçün təşəkkürünü bildirib və gələcək əməkdaşlıq perspektivlərinin ümidverici olduğunu qeyd edib.