8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əməkdaşlıq Departamentinin təşəbbüsü ilə beynəlxalq onlayn tədbir keçirilib.
Tədbirdə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamenti və Keyfiyyət Təminatı şöbəsinin əməkdaşları, eləcə də Latviyanın Təbiət Elmləri və Texnologiyalar Universiteti, Qırğızıstan-Türkiyə Manas Universiteti, Türkiyənin Uşak və Pamukkale universitetləri, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Akademik E.A. Buketov adına Karaqanda Universiteti və Yessenov Universitetinin nümayəndələri iştirak ediblər. Tədbirə həmçinin UNEC-in yerli və xarici tələbələri də qoşulublar.
Görüşdə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Strateji İnkişaf şöbəsinin müdiri, s.f.d. Bəhlul Əliyev tədbirin keçirilmə məqsədinin Zəfər Gününün tarixi əhəmiyyətini beynəlxalq tərəfdaş universitetlərin nümayəndələri ilə bölüşmək və Azərbaycanın haqq işinə beynəlxalq diqqəti artırmaq olduğunu vurğulayıb.
Sonra UNEC-in Rus İqtisad Məktəbinin (RİM) direktor müavini Anar Eyyubov çıxış edib. O, 8 Noyabr – Zəfər Gününün Azərbaycanın müasir tarixində xüsusi yer tutduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində qazanılan qələbənin xalqımızın birliyini, ordumuzun gücünü və şəhidlərimizin qəhrəmanlığını təcəssüm etdirdiyini vurğulayıb.
Tədbirin sonunda iştirakçılar Zəfər Gününün əhəmiyyəti, Azərbaycan xalqının milli birliyi və qəhrəmanlıq irsi barədə fikir mübadiləsi aparıblar.