UNEC-in nümayəndə heyəti Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından olan Yeditepe Universitetində işgüzar görüş keçirib.
Səfərin əsas məqsədi universitetlərarası əməkdaşlıq imkanlarının genişləndirilməsi, tələbə mübadiləsi və əcnəbi tələbə cəlbi istiqamətində yeni əməkdaşlıq mexanizmlərinin müzakirəsi olub.
Görüşdə UNEC-in Karyera Mərkəzinin direktoru Sevinc Məcid, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin əməkdaşları Rəsul Yusibov, Günel Cəlilova və Xanım Ağadadaşova, həmçinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Samir İsmayılzadə iştirak ediblər.
Yeditepe Universitetinin Beynəlxalq Ofisinin koordinatoru, e.f.d. Gülşah Günel və onun komanda üzvləri universitetin uzun illər ərzində formalaşdırdığı əcnəbi tələbə cəlbi strategiyaları, tətbiq olunan metodologiyalar və iştirak etdikləri beynəlxalq sərgilər barədə ətraflı təqdimat nümayiş etdiriblər. Tərəflər təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri üzrə qarşılıqlı fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində UNEC nümayəndələri universitetin təsisçisi cənab Bedrettin Dalan ilə də tanışlıq görüşü keçiriblər. Görüş zamanı təhsil sahəsində əlaqələrin gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
UNEC beynəlxalq əməkdaşlıq xəritəsini genişləndirmək, eləcə də əcnəbi tələbə cəlbi strategiyalarında daha çevik və innovativ yanaşmalar tətbiq etmək məqsədilə Yeditepe Universiteti ilə dialoqu davam etdirməyi planlaşdırır.