UNEC-də Avropa İttifaqı Erasmus+ “Universitetlərin potensialının artırılması” istiqamətində KA2 layihələri ilə bağlı tədbir keçirilib.
Tədbirdə UNEC-in müvafiq struktur rəhbərləri ilə yanaşı, Erasmus+ proqramının ölkə üzrə koordinatoru Pərviz Bağırov da iştirak edib.
Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev iştirakçılara Avropa İttifaqı “Universitetlərin potensialının artırılması” layihələri barədə ətraflı məlumat verib. Layihə çərçivəsində universitetlərin institusional quruculuğu, keyfiyyətli idarəetmə, müəllim-tələbə potensialının yüksəldilməsi, beynəlxalq-regional əməkdaşlıq və universitetlərin ictimaiyyətdə rolu istiqamətində yeni layihələrin hazırlanmasına ehtiyac duyulduğunu onların diqqətinə çatdırıb. S.Əliyev hazırda UNEC-də Erasmus+ KA2 tipli layihələrin hazırlanması prosesinin başlandığını və bu il UNEC-in bir çox layihə ilə Avropa İttifaqına müraciət edəcəyinin nəzərdə tutulduğunu qeyd edib.
Proqramın koordinatoru Pərviz Bağırov isə Erasmus + proqramı çərçivəsində gələcək mümkün layihələrdən danışıb.
Tədbirdə Erasmus+ layihələrinin müraciət forması iştirakçılara təqdim olunaraq, vacib məqamlar müzakirə edilib.
Müzakirələrdən sonra yeni layihələrin hazırlanması məqsədilə işçi qruplarının yaradılması barədə qərar qəbul edilib.