A

UNEC-in tələbələri Brüsseldə fəaliyyət göstərən Avropa Parlamentində təcrübə keçirlər.

Təcrübə müddətində Xəyal Məmmədli (SABAH mərkəzi), Emiliya Bayramova (Rus İqtisad Məktəbi), Yunis Şərifli (Türk Dünyası İqtisad fakültəsi) Avropa Parlamentinin iş rejimi və strukturu ilə tanış olublar. Eyni zamanda Avropa Komissiyasının, Belçika Xarici İşlər Nazirliyinin Xarici Siyasət Xidmətinin iş fəaliyyətini yaxından izləyiblər.

NATO-nun baş ofisində isə tələbələr xarici diplomatlarla yanaşı, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədovla da görüşüblər. Görüşün əsas mövzusu Azərbaycan-NATO əməkdaşlığının hazırkı durumu, həmçinin Dağlıq Qarabağ münaqişəsində NATO-nun mövqeyi olub.

Səfər çərçivəsində tələbələrin Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovla görüşü keçirilib. Azərbaycanlı diplomat tələbələrə Belçika-Azərbaycan münasibətlərindən söz açıb. Gəncləri ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etməyə çağıran F.Ələsgərov təcrübə proqramının onların dünyagörüşünün, fəallığının artmasında, həmçinin beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Qeyd edək ki, Gənclər Fondunun Avropa Parlamentinin (Brüssel) təcrübə proqramı üzrə keçirdiyi müsabiqədə UNEC-in 3 tələbəsi və məzunu qalibi olub. Müsabiqə qaliblərinin sayına görə isə ölkə universitetləri arasında UNEC birinci yerdədir.

TOP XƏBƏRLƏR